Вернуться назад Распечатать

“Mənə zülm etdin, çəkdirdiyin kanatda camaatın balası öldü”

Müğənni Niyam Salami keçmiş çalışdığı məkanın rəhbərliyi ilə bağlı bir sıra ciddi iddialar irəli sürüb.

1xeber.media  xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin həyatını itirdiyi kanat qəzası ilə gündəmə gələn “Şəki Yaylası” istirahət mərkəzinin sahibi Hacı Məhərrəmi sərt şəkildə tənqid edib.

Niyam Salami sosial şəbəkədə yayımladığı çıxışında Hacı Məhərrəmin Şəkidəki obyektində kanat sisteminin qurulması ilə bağlı ittihamlar səsləndirib və hadisəyə görə onu məsuliyyət daşımaqda günahlandırıb:

“İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qaynına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.

Sənətçi bununla kifayətlənməyərək Hacı Məhərrəmlə bağlı daha əvvəl yaşadığını bildirdiyi problemləri də ictimailəşdirib. O, Novxanıda yerləşən istirahət məkanında fəaliyyət göstərdiyi dövrdə müxtəlif çətinliklərlə qarşılaşdığını deyib.

“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbr etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Orada 1 manata qutab reklamı verirdilər. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.

Niyam Salami iddia edib ki, həmin dövrdə üzərinə müxtəlif borclar qoyulub və işdən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı təzyiqlərlə üzləşib:

“Hər ay üstümə adam göndərib faizi qaldırırdın. Fəhlə işləyirdim? Qırğınlarımız başladı. Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri mənim üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir”.

Müğənni çıxışında daha bir iddia ilə çıxış edərək ad günü münasibətilə ona ev hədiyyə olunacağının bildirildiyini, lakin sonradan təqdim edilən sənədlərlə bağlı problem aşkar etdiyini söyləyib.

“Mənə ad günümdə guya ev hədiyyə verir, sənət gətirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş. Mənə zülm etdiklərin üçün iş otağın yandı, cavan qardaşın rəhmətə getdi. Restoranda camaata zülm verirsən, işçilərin maaşını kəsirdin”.

Qeyd edək ki, Hacı Məhərrəm “Şəki Yaylası” istirahət mərkəzinin, eləcə də Novxanıda yerləşən “My Beach” istirahət kompleksinin sahibidir. Niyam Salami uzun müddət sözügedən məkanda “Mybeach Restaurant& Hotel By Niyam Salami” adlı restoranı idarə edib. Müğənni bir müddət əvvəl həmin restoranın fəaliyyətini dayandırıb.[media=]