Вернуться назад Распечатать

Nərimanova da ekspress avtobuslar veriləcək?

Son vaxtlar Nərimanov istiqamətində ictimai nəqliyyatla bağlı çoxsaylı gileylərə rast gəlinir. Sərnişinlər bildirirlər ki, M ekspress avtobuslarının Nərimanovda dayanacağı yoxdur və bu istiqamətə getmək istəyənlər Gənclikdə düşərək əlavə avtobusa və ya metroya keçməli olurlar. Bu isə xüsusilə hər gün həmin istiqamətdə hərəkət edən sərnişinlər üçün əlavə vaxt itkisi və narahatlıq yaradır.

Bəs Nərimanov istiqamətində ekspress avtobusların hərəkətinin təşkil edilməsi, yaxud bu ərazidə dayanacağının yaradılması planlaşdırılırmı?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlər üçün tələbatdan asılı olaraq alternativ nəqliyyat imkanları yaradılıb:

“Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspress marşrutu təşkil edilib. Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir.

Bundan savayı, 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. O cümlədən, metronun “Nəriman Nərimanov” stansiyasından keçən və müxtəlif istiqamətlərə hərəkət edən 2, 9, 26, 67 və 202 nömrəli marşrut xətlərinə əlavə avtobuslar cəlb edilib. Bu marşrutlar sayəsində digər metrostansiyalarla əlaqəlilik təmin edilir”.

Qurumdan bildirib ki, vəziyyət davamlı izlənilir və ehtiyac olduqda dəyişikliklər edilir:

“Hazırda metro xətlərinin ayrılma layihəsi başlandığı andan əlavə 200-ə yaxın avtobus Bakı şəhərində 35 marşrutu (7 ekspres + 28 müntəzəm) gücləndirib. 35 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000-dən çox sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir.

Təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır”.