Sentyabrın 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbəti yığıncağı keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə çıxış edən Nazirliyin Aparatının rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Komitənin fəaliyyətini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, qurum tərəfindən əməkdaşların əmək hüquqlarının qorunması, sağlam iş mühitinin yaradılması, sosial rifahın yaxşılaşdırılması və sanatoriya-istirahət yollayışları ilə təminatı istiqamətində ardıcıl işlər görülüb.
Toplantıda təşkilati məsələlər də nəzərdən keçirilib. Nizamnaməyə uyğun olaraq açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin (11 nəfər) və Təftiş Komissiyasının (3 nəfər) yeni tərkibi formalaşdırılıb. Qərara alınıb ki, Komitənin fəaliyyəti bundan sonra ictimai əsaslarla təşkil edilsin. Səsvermənin nəticələrinə görə, Nazirliyin Maliyyə və təminat şöbəsinin müdiri Bəhruz Məmmədov ictimai əsaslarla Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.
Sonda Komitənin sabiq sədri Eldar Mahmudov uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri Fərmanı ilə təltif olunub.