Ukrayna şəhər mühiti şəraitində humanitar minatəmizləmə və minalardan azad edilmiş ərazilərin sonrakı bərpaya hazırlanması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlıdır.
1xeber.media Ukraynanın İqtisadiyyat və Ətraf Mühit Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Ukrayna İqtisadiyyat Nazirliyi yanında Humanitar Minatəmizləmə Məsələləri İdarəsinin rəhbəri Dmitri Panşin ilə görüşü zamanı müzakirə olunub.
Görüş sentyabrın 2-3-də Bakıda keçirilən Minatəmizləmə fəaliyyəti üzrə IV Beynəlxalq Konfrans çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər birgə layihələrin genişləndirilməsini və praktiki təcrübə mübadiləsini müzakirə ediblər.
Xüsusilə, Ukrayna tərəfi şəhər ərazilərinin humanitar minatəmizlənməsi və onların sonrakı bərpaya hazırlanması üzrə Azərbaycan təcrübəsinə maraq göstərdiyini bildirib. Bundan əlavə, tərəflər Ukrayna–Azərbaycan–BMT formatında üçtərəfli qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Ukrayna tərəfi, həmçinin ANAMA-nı noyabrın ortalarında Brüsseldə keçiriləcək Ukraynada Minatəmizləmə fəaliyyəti üzrə Konfransda (UMAC 2026) iştirak etməyə dəvət edib.
Bundan əlavə, Bakı konfransı zamanı Ukrayna mina çirklənməsi problemindən əziyyət çəkən digər dövlətlərin minatəmizləmə fəaliyyəti üzrə milli orqanlarının nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirib. Beynəlxalq mexanizmlərin, təlim proqramlarının və minatəmizləmə fəaliyyəti sahəsində yardıma yanaşmaların formalaşdırılmasında onların praktiki təcrübəsindən daha geniş istifadə olunması müzakirə edilib.
"Ukrayna eyni zamanda mina çirklənməsi ilə üzləşmiş ölkələrlə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Minatəmizləmə fəaliyyəti sahəsində əsas yanaşmaları məhz belə ölkələrin ehtiyacları, prioritetləri və praktiki təcrübəsinin müəyyən etməsi, beynəlxalq tərəfdaşların və donorların isə onların həyata keçirilməsini dəstəkləməsi vacibdir", - Dmitri Panşin qeyd edib.