Вернуться назад Распечатать

Azərbaycanda doğum və nikahlar azalır — Səbəb nədir?

Bakının bəzi rayonlarında təbii artım göstəricisinin azalması demoqrafik vəziyyətlə bağlı narahatlıqları artırır. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, doğum səviyyəsinin aşağı düşməsi ilə yanaşı, nikahların azalması və ölüm göstəricilərinin yüksəlməsi də təbii artıma təsir edən əsas amillər sırasındadır. 

Bu tendensiyanın əsas səbəbləri nələrdir və əhalinin təbii artımının azalmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan ictimai-siyasi xadimi, Milli Məclisin VII çağırış deputatı Azər Allahverənov bildirib ki, Azərbaycanda təbii artımla bağlı proseslər sadəcə doğum sayının azalması ilə əlaqədar deyil.

Onun sözlərinə görə, burada demoqrafik modelin ciddi şəkildə dəyişdiyini görürük və bu, dünyanın əksər ölkələrində özünü göstərməkdədir:

“Düzdür, bizdə təbii artım templəri azalsa da, bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi, hələ təhlükəli həddə çatmayıb.

Ümumiyyətlə, 2026-cı ilin ilk yarısında 40 798 doğum hadisəsi qeydə alınıb. Bu da doğumların əhalinin hər 1000 nəfərinə nisbətinin 9-dan 8-ə düşdüyünü göstərir. Eyni zamanda, ölüm əmsalına da diqqət yetirsək, onun 5,8-dən 6-ya yüksəldiyini görürük. Nikah əmsalının da 4,9-dan 3,8-ə düşməsi artıq onu göstərir ki, təbii artımın azalmasına birbaşa təsir edən proseslər bu və ya digər formada özünü göstərir.

Ayrı-ayrı statistik rəqəmlərə diqqət yetirsək, bütövlükdə ölkənin demoqrafik mənzərəsi ilə bağlı yayılan rəsmi rəqəmlərdə də təbii artımın azalmasına səbəb olan müəyyən indikatorların yer aldığını görürük. İstər-istəməz bu, ekspert dairələrini düşündürür.

Son zamanlar demoqrafiyanın ayrı-ayrı istiqamətləri ilə bağlı müəyyən fikirlərin də irəli sürüldüyünü görürük. Burada istər uşaq müavinətləri ilə bağlı, istər ikinci və üçüncü uşaqların doğulmasına dəstəyin göstərilməsi, istərsə də gənc ailələrə güzəştli mənzil imkanlarının yaradılması, gənc anaların məşğulluğu məsələsində daha uyğun iş qrafikinin tətbiqi və digər məsələlər gündəmə gətirilir. 

Bunlar ayrı-ayrı mövzular ətrafında, bilavasitə təbii artım tendensiyasının müsbətə doğru dəyişməsinə yönəlmiş fikirlərdir və hər birinin özünəməxsus şəkildə müəyyən təsir göstərmək imkanı var.

Amma burada vahid yanaşmadan və konkret olaraq tətbiq oluna biləcək alqoritmdən danışırıqsa, önəmli olan bu sahədə dərinləşdirilmiş tədqiqatların aparılmasıdır. Çünki dərinləşdirilmiş tədqiqatlar fraqmentar görünən hansısa məsələləri kənarda qoymadan səbəbləri daha dərindən araşdırmağa imkan yaradır”.

Azər Allahverənov əlavə edib ki, hazırda aidiyyəti strukturlar, o cümlədən beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları bu prosesdə fəallıq göstərirlər:

“Nəticə etibarilə biz zaman-zaman ailə modeli, uşaq sağlamlığı və digər mövzularda həm araşdırmaların, tədqiqatların, həm də maarifləndirici tədbirlərin həyata keçirildiyini görürük.

Amma burada önəmli olan məsələ, şübhəsiz ki, ayrı-ayrı aspektləri nəzərdən keçirmək və bunun əsasında konkret bir yanaşma formalaşdırmaqdır. Hazırda bizdə, ən azı dövlət səviyyəsində, bu istiqamətdə çox böyük işlər həyata keçirilir və müxtəlif alətlər üzərindən gənc ailələrə dəstək göstərildiyini görürük. Məsələn, sosial evlər layihəsi çərçivəsində və ya icbari tibbi sığorta vasitəsilə çox vacib alətlərin tətbiq olunduğunu görürük.

Hazırda bəzi dövlətlərdə geniş şəkildə tətbiq olunan alətlər var ki, onlarən da nəzərdən keçirilməsi mümkündür. Bu əsasda Azərbaycanda gələcəkdə onların tətbiqinə dair də mövqe formalaşa bilər. Amma istənilən halda burada önəmli olan məsələ bir neçə istiqamətdə, qeyd etdiyimiz kimi, əhatəli dəstək proqramlarının həyata keçirilməsidir. Xüsusilə də gənc ailələrlə bağlı bu məsələlər hər zaman diqqət mərkəzində saxlanılmalıdır.

Məsələn, biz ailə modeli barədə zaman-zaman danışırıq və xüsusilə də bu modelin dəyişdiyini görürük. Əgər ənənəvi Azərbaycan ailəsində əvvəl üç, dörd və daha çox uşağın olması geniş yayılmış bir model idisə, bu gün artıq insanların, ailələrin bir, maksimum iki uşaqla kifayətləndiyini görürük. Düzdür, bunu əksər hallarda iqtisadi səbəblərlə əlaqələndirirlər. Amma düşünürəm ki, iqtisadi səbəblər burada əsas və həlledici amil deyil.

Çünki kifayət qədər çox sayda iqtisadi vəziyyəti yaxşı olan ailələr görürük və bu ailələrdə də bir, maksimum iki uşağa rast gəlmək olur. Burada sadəcə yanaşmalar dəyişir. Əgər ənənəvi olaraq insanlar daha çox çoxuşaqlı ailələrə meyllənirdilərsə, indiki şəraitdə daha az uşaqla kifayətlənməyə üstünlük verirlər.

Burada, ümumiyyətlə, bağlanan nikahların müəyyən qisminin 30 yaşdan sonra olması, reproduktiv sağlamlıq imkanlarının nikah yaşı ilə məhdudlaşması və digər məsələlər də istər-istəməz öz təsirini göstərir. Xüsusilə 30 yaşdan yuxarı nikahların artması da müəyyən nəticələrə gətirib çıxarır. Bu da nəticə etibarilə doğulan uşaqların sayının azalmasına səbəb olur.

Bu baxımdan, düşünürəm ki, konkret olaraq müəyyən təkliflər səsləndirmək mümkündür. Amma qeyd etdiyim kimi, əgər biz fraqmentar dəstək yox, daha mütəşəkkil və fundamental yanaşmanın formalaşmasından danışırıqsa, bunun üçün çox ciddi araşdırmaların nəticələri əldə olunmalıdır ki, məsələnin sosial, psixoloji, mədəni və hətta miqrasiya ilə bağlı aspektləri də nəzərə alınsın.

Məsələn, bir sıra dövlətlərdə güclü miqrasiya axınları nəticə etibarilə reproduktiv yaşda olan gənclərin xarici ölkələrə getməsində özünü göstərir və bu da ölkə daxilində bağlanan nikahların azalmasına gətirib çıxarır. Ona görə də məsələyə çoxaspektli nəzər yetirdikdə görürük ki, burada konkret olaraq dövlətin bu gün həyata keçirdiyi siyasət nəticə etibarilə müsbət nəticələr versə də, gələcəkdə bu siyasətin daha da dərinləşməsi və kifayət qədər əhatəli dəstək proqramlarının tətbiq olunduğu şəraitdə icra olunması olduqca vacibdir.

Çünki demoqrafiya ilə çox sıx məşğul olan beynəlxalq təşkilatlar artıq bir neçə onilliyə proyeksiya olunacaq demoqrafik artım templəri barədə zaman-zaman proqnozlar verirlər. Azərbaycanda əgər təbii artım əmsalı artıq 1 faizdən aşağı düşürsə, bu, həyəcan təbilinin çalınması üçün də yetərli sayıla bilər.

İndi templərə və dinamikaya diqqət yetirmək lazımdır. Son bir neçə ilin artım templərinə baxmaq lazımdır və bu da nəticə etibarilə bizdə müəyyən fikir və təsəvvürlərin formalaşmasına səbəb olar. Mən bilirəm ki, dəqiq olmasa da, təqribən 15-20 il bundan əvvəl bu sahədə təbii artım göstəriciləri təqribən 1,2 faiz civarında idi. Bu, indiki ümumdünya miqyasında gedən hadisələr və proseslər fonunda əslində yaxşı rəqəm sayılırdı.

Ona görə də əgər bu rəqəm getdikcə azalmaqda davam edərsə, bu, istər-istəməz aidiyyəti strukturlara bir neçə onillikdən sonra yarana biləcək vəziyyəti proqnozlaşdırmaq üçün ciddi əsas verə bilər.

Bu səbəbdən də artıq qeyd etdiyimiz kimi, çoxuşaqlılığın təşviq olunması, gənc ailələrə dəstəyin göstərilməsi, təhsil, sağlamlıq və digər məsələlərdə güzəşt imkanlarının genişləndirilməsi kimi modellər, şübhəsiz, bu tendensiyanın qarşısını ala bilər.

Amma istənilən halda mövcud reallığı nəzərə alan və daha konkret tədbirlərin həyata keçirilməsinə ehtiyacın olduğunu hiss edirəm. Daha çox dövlət strategiyasının gələcək onilliyə hesablanmış şəkildə yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

Çünki bizdə bu sahədə bir neçə çox vacib dövlət proqramı var və həmin proqramlar bilavasitə demoqrafiya ilə sıx bağlıdır. Həmin sənədlərin və strategiyanın gələcəkdə tətbiq olunması üçün mövcud reallığı, hazırkı tendensiyanı nəzərə almaq və bu əsasda proseslərin müsbətə doğru dəyişməsinə səbəb ola biləcək alqoritmlərin, o cümlədən xüsusi alətlərin strategiyanın tətbiqi zamanı istifadəsini nəzərdə tutmaq olar”, - deyə deputat fikrini tamamlayıb.