1xeber.media xəbər verir ki, Litva hakimiyyəti ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən konstitusion müddəanı ləğv etməyi planlaşdırır.
Litva Seyminin sədri Yuozas Olyakasın sözlərinə görə, parlament qışda Konstitusiyaya dəyişiklik etməyi və ölkə ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağanı əsas qanundan çıxarmağı planlaşdırır.
Olyakas bildirib ki, dəyişikliklərin qəbul edilməsi üçün Seymin payız sessiyasının 2027-ci il yanvarın 13-dək uzadılması lazım gələ bilər.
Hazırda Litva Konstitusiyasının 137-ci maddəsi ölkə ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edir. Sentyabrın 9-da Seymin Hüquq və hüquq-mühafizə komitəsi bu maddənin dəyişdirilməsi təşəbbüsünü dəstəkləyib.
Olyakas daha əvvəl bildirib ki, mövcud məhdudiyyət Litvanı NATO daxilində bu sahədə fərqli vəziyyətdə qoyur. Onun fikrincə, qadağanın aradan qaldırılması ölkənin kollektiv müdafiə və çəkindirmə imkanlarını genişləndirə bilər.
Qeyd edək ki, dəyişiklik hələ yekun olaraq qəbul edilməyib. Konstitusiyaya dəyişiklik üçün parlamentdə əlavə səsvermə mərhələləri tələb olunur.