“Şəki Yaylası”nda baş verən hadisəyə görə məsuliyyət daşıyanlar istintaqa cəlb olunacaq. Buna şübhə etmirəm və obyektiv araşdırma aparılacağına inanıram”.
1xeber.media xəbər verir ki,bu sözləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.
İki nəfərin ölümü ilə nəticələnən kanat hadisəsindən danışan hüquq müdafiəçisi hesab edir ki, ən azı istintaq dövründə istirahət mərkəzi qapadıla bilər: “Mətbuatda verilən xəbərlərə görə, bu obyekt iş adamı Məhərrəm Novruzova məxsusdur. Əgər məlumat doğrudursa, sahibkarın məsuliyyətə cəlb olunacağı istisna deyil. O, istintaqa ifadə verməlidir, kanatın təhlükəsizliyinin necə təşkil olunduğunu izahatında bildirməlidir, trosun niyə qırıldığı oradakı məsul şəxslərdən öyrənilməlidir. Çünki ilk dəfədir ki, Azərbaycanda kanatdan istifadə edənlər trosun qırılması nəticəsində həlak olur. Bu, çox ciddi məsələdir. Ona görə ki, vətəndaşlar başqa istirahət mərkəzlərində kanatdan istifadə etməyə qorxacaqlar. Artıq bir inamsızlıq yarandı”.
Xəzər Teyyublu istirahət mərkəzlərində təhlükəsizliyin necə təmin olunmasını yoxlamağa çağırıb və müvafiq qurumların araşdırma aparmasını təklif edib.