1xeber.media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-la münasibətlərin Donald Trampın prezidentliyi dövründə ciddi sınaqdan keçdiyini bildirib.
Kallas Belçikanın “Le Soir” qəzetinə müsahibəsində deyib ki, Vaşinqtonla Brüssel arasındakı münasibətlər əvvəlki dövrlərlə müqayisədə dəyişib.
“Hazırda münasibətlərimizin ciddi sınaqdan keçdiyi hər kəsə aydındır”, – deyə Aİ-nin baş diplomatı qeyd edib.
Onun sözlərinə görə, tarixdə ABŞ və Avropa arasında münasibətlərin çətin dövrləri olub. Buna baxmayaraq, Kallas transatlantik tərəfdaşlığın hər iki tərəf üçün hələ də həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl Avropa ölkələrinin Ukraynaya hərbi yardıma xərclədiyi vəsaitlə bağlı Vaşinqtonun həmin pulların geri qaytarılmasını tələb edə biləcəyini açıqlamışdı. ABŞ prezidenti Avropanın Ukrayna münaqişəsinə böyük həcmdə resurs ayırmasını ABŞ-ın milli təhlükəsizliyinə zərər vuran amil kimi qiymətləndirmişdi.