Вернуться назад Распечатать

Rusiyadan Tayvana gözlənilməz addım

1xeber.media xəbər verir ki, Rusiyanın Taypeydə 81 il əvvəl çəkilmiş sovet filmini nümayiş etdirməsi Tayvan hakimiyyətinin narahatlığına səbəb olub.

Söhbət 1945-ci ildə çəkilmiş “Militarist Yaponiyanın məğlubiyyəti” adlı sənədli filmdən gedir. Rusiya tərəfinin təşkil etdiyi qapalı nümayişdə cəmi 20 nəfər iştirak edib. Film Çin dilinə tərcümə olunaraq nümayiş etdirilib.

Tayvan hakimiyyəti hesab edir ki, tədbir Moskva ilə Pekinin Yaponiyanı region üçün hərbi təhlükə kimi təqdim edən narrativini gücləndirmək məqsədi daşıya bilər. Tayvanın Milli Təhlükəsizlik Şurası Rusiya və Çin arasında hərbi və informasiya sahəsində əməkdaşlığın mümkün təsirlərini izlədiyini açıqlayıb.

Nümayişin Yaponiya baş nazirinin mümkün Çin-Tayvan münaqişəsində Tokionun müdaxilə edə biləcəyi barədə açıqlamalarından sonra keçirilməsi də diqqət çəkib.

Tayvan tərəfi bildirib ki, ifadə azadlığını dəstəkləsə də, xarici qüvvələrin tarixi faktları təhrif etməsinə və ölkənin Yaponiya və Qərb dövlətləri ilə münasibətlərinə təsir göstərməsinə qarşıdır. Çin isə Tayvanın narahatlığını siyasi motivli anti-Çin mövqeyi kimi qiymətləndirib.