1xeber.media xəbər verir ki, strateji əhəmiyyətli Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə azalıb.
Sentyabrın 10-da boğazdan cəmi 7 kommersiya gəmisi keçib. Bu göstərici son 10 günün orta göstəricisi olan 15 gəmidən də xeyli aşağıdır.
Müharibədən əvvəl isə Hörmüz boğazından gündə təxminən 125 iri kommersiya gəmisi, o cümlədən neft tankerləri, qazdaşıyan gəmilər, yük və konteyner gəmiləri keçirdi. Bu marşrut dünya üzrə gündəlik xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizinin daşınmasında mühüm rol oynayır.
Mütəxəssislər gəmi axınının azalmasını ABŞ-İran münaqişəsi və regionda dəniz təhlükəsizliyi ilə bağlı artan risklərlə əlaqələndirirlər. Bəzi gəmilərin izləmə sistemlərini söndürərək boğazdan keçməsi ehtimalı olduğundan real rəqəmin daha yüksək ola biləcəyi də bildirilir.
Hörmüzdəki vəziyyət enerji bazarına da təsir göstərir. Brent markalı neftin qiyməti həftə ərzində təxminən 13 faiz bahalaşaraq 100 dollardan yuxarı qalıb.
Bununla yanaşı, Yəməndə İranla əlaqəli husilərin Moça limanını ələ keçirməsi Qırmızı dənizdə gəmiçilik üçün əlavə risk yaradıb.