“Uğur 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
1xeber.media APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ceyhunə Fərəcova ifadə verib.
Zərərçəkən bildirib ki, təqsirləndirilən hər üç şəxsi tanıyır və ilk dəfə onların qəbulunda 2023-cü ildə olub.
Onun sözlərinə görə, həmin şəxsləri Tiktok sosial şəbəkəsində görüb və bundan sonra müraciət etmək qərarına gəlib:
“İlk dəfə qəbulda məni Murad qarşıladı və Xəyalə İsmayılovanın yanına apardı. Ona gözümün üstünə gel vurdurmaq istədiyimi dedim. Razılaşdıq və 400 manat ödəniş etdim. Orada başqa bir həkim mənə digər nahiyələrə də gel vurmağı təklif etdi. Xəyalə pasiyenti yola saldıqdan sonra mənim prosedurumu edəcəyini bildirdi. Daha sonra Xəyalə İsmayılova və Rəsmiyə Quliyeva məni əməliyyat etdilər. Murad Bağırov da həmin vaxt otaqda idi.
Əməliyyatdan sonra dərmanın olmadığını deyib gözləməyimi istədilər. Dəhlizdə gözlədim. Gecə saat 11 radələrində Murad dərman gətirdi. Dərmanı otaqlardan birində qaynatdılar, qoxusu da gəlirdi. Onu mənə vurmağa çalışırdılar, amma dərman getmirdi və ağrı verirdi. İynənin vurulmasını istəmədiyimi desəm də, Muradı çağırdılar və dərmanı o vurdu. İkinci əməliyyata görə 750 manat ödədim, həmçinin qızıl sep və kulon girov qoydum. Pulu ödədikdən sonra qızılları geri götürəcəkdim. İynə vurulduqdan sonra evə getdim”.
Zərərçəkənin sözlərinə görə, ertəsi gün qızdırması yüksəlib və bununla bağlı yenidən həkimlə əlaqə saxlayıb. Ona vəziyyətin normal olduğu bildirilib:
“Bu hal iki həftə davam etdi. Yenidən ora getdim və qəbul üçün bir daha ödəniş etdim. Mənə hər şeyin düzələcəyini dedilər. Həmin gün, bəlkə də, 60-a yaxın iynə vuruldu. Həmin əməliyyatın fəsadlarını indi də yaşayıram. Səhhətimdə problemlər yaranıb, bədənimə çirk yığılıb. Ağrılarla əlaqədar əməliyyatdan təxminən 6 ay sonra başqa həkimə müraciət etdim. Müayinələr zamanı mənə “Hepatit C” virusuna yoluxduğum bildirildi. Bir neçə həkimə müraciət etdim. Mənə əməliyyat üçün 30-40 min manat xərc lazım olduğu deyildi. Müalicə məsələsində isə bildirdilər ki, hansı həkimin müdaxiləsi zamanı yoluxmuşamsa, həmin yerə müraciət edim. Bütün müalicə xərclərimi özüm qarşıladım. Baş verənlərlə bağlı Xəyalə İsmayılovaya şikayət edəcəyimi dedim. O isə mənə "kimə istəyirsən, şikayət et" dedi və məni blokladı. Bundan sonra Baş Prokurorluğa müraciət etdim”.
Təqsirləndirilən Xəyalə İsmayılova isə zərərçəkənin 2022-ci ildə onun qəbulunda olduğunu bildirib. O, hadisədən uzun müddət keçdiyinə görə detalları xatırlamadığını deyib.
Məhkəmənin növbəti prosesi 29 senytabr keçiriləcək.
Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “Uğur 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 139-1.2, 142.2, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 310, 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.