Sentyabrın 11-də Xankəndi şəhərində əmək yarmarkası keçirilib.
1xeber.media xəbər verir ki,yarmarkada Xankəndi şəhəri və ətraf rayonlarda yaşayan sakinlər iştirak ediblər. Tədbirin əsas məqsədi işaxtaran vətəndaşlarla işəgötürənləri bir araya gətirmək, əhalinin məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,əmək yarmarkasında müxtəlif sahələri əhatə edən 200-dən çox vakansiya təqdim olunub. Tədbirə ümumilikdə 26 şirkət və müəssisə qatılıb. İştirakçılar təqdim olunan vakansiyalarla tanış olub,işəgötürənlərin nümayəndələri ilə birbaşa əlaqə yaratmaq və müraciət etmək imkanı əldə ediblər.
Qeyd edək ki, Xankəndidə keçirilən əmək yarmarkası sayca 19-cudur. Bu cür yarmarkaların keçirilməsi azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması, əmək bazarının formalaşdırılması və Böyük Qayıdış proqramı çərçivəsində əhalinin sosial-iqtisadi həyata daha fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.






