Вернуться назад Распечатать

Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub

Xankəndi şəhərində “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Dəyirmi masa çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda əhalinin layiqli yaşayışının təmin edilməsi istiqamətində görülən işlər barədə təqdimatlar edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, mövcud imkanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə regionda yeni iş yerlərinin yaradılması, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun məşğulluq imkanlarının genişləndirilməsi və sakinlərin iqtisadi fəallığının artırılması məsələlərinə xüsusi diqqət yetirilib. İşəgötürənləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin əməkdaşı Xasay Cahangirov bildirib ki, hazırda sözügedən ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
O, qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bir sıra yaşayış məntəqələri bərpa olunub, digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər isə davam etdirilir. Bu ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. X. Cahangirov vurğulayıb ki, əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması ilə yanaşı, onların məşğulluğunun və dayanıqlı yaşayışının təmin edilməsi də əsas prioritetlərdəndir.
Bildirilib ki, indiyədək 685 obyekt sahibkarların istifadəsinə verilib və həmin obyektlərə milyonlarla manat investisiya yatırılıb. Bununla yanaşı, köçürülən ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər həyata keçirilir.
Görülən işlər nəticəsində köçürülən ailələrdən 2500-ə yaxın sakinin məşğulluğu təmin edilib.
Dəyirmi masada çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunub.Nazir müavininin sözlərinə görə, hazırda həmin ərazilərə köçürülən vətəndaşların 26 mindən çoxu əmək qabiliyyətli yaşdadır. Onların 13 min 50 nəfərini iqtisadi fəal əhali təşkil edir və bu şəxslərdən 11 min 681-nin məşğulluğu artıq təmin olunub.
“Xüsusilə əhəmiyyətlidir ki, məşğulluğu təmin edilmiş şəxslərin 7 min 915 nəfəri, yəni təxminən 68 faizi əmək bazarında mövcud olan real vakansiyalar üzrə işlə təmin edilib. Bu göstəricilər Böyük Qayıdışın tədricən yeni mərhələyə keçdiyini göstərir”, - deyə Rəşad Mustafayev bildirib.
Qeyd olunub ki, bu il sentyabrın 31-nə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərə 9 mindən çox  ailə, ümumilikdə 39 min 269 nəfər köçürülüb.
Dəyirmi masa çərçivəsində dövlət qurumları ilə işəgötürənlər arasında əməkdaşlığın daha da genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, sakinlərin əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və regionlarda müasir məşğulluq ekosisteminin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.