Вернуться назад Распечатать

Qarapetyan: Rusiya getsə, Türkiyə gələcək

1xeber.media xəbər verir ki, “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını çıxarması halında Türkiyənin dərhal onun yerini tuta biləcəyini bildirib.

Karapetyanın sözlərinə görə, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ölkəni təhlükəsizlik baxımından çətin vəziyyətə sala bilər.

“Biz taleyimizin ümidinə buraxılacağıq. Rusiya bazasının yerində Türkiyə bazası olacaq. Buna görə də Rusiya bazası qalmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Rusiya bazasının Gümrüdən çıxarılması məsələsinə münasibət bildirərək, Moskvanın belə qərar verəcəyi təqdirdə İrəvanın buna etiraz etməyəcəyini demişdi. Paşinyan eyni zamanda bazanın qalması variantını da müzakirə etməyə hazır olduqlarını açıqlamışdı.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın istəyəcəyi təqdirdə 102-ci hərbi bazanın ölkədən çıxarılmasının mümkün olduğunu bildirib. Putin Moskvanın müttəfiqlərinin suveren qərarlarına hörmət etdiyini və hərbi bazalarla bağlı məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunduğunu vurğulayıb.