İşğal dövründə Meksikanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Meksika arasında münasibətlərin təməlində qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik dayanır.
“Azərbaycan torpaqları işğal altında olduğu zaman Meksikanın tamamlı və qətiyyətlə nümayiş etdirdiyi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətindəki mövqeyi xüsusi əhəmiyyət daşıyırdı”, – deyə Prezidentin köməkçisi vurğulayıb. Hikmət Hacıyev qeyd edib ki, məhz bu prinsiplər Azərbaycan-Meksika münasibətlərinin möhkəm təməlini təşkil edir.
Hikmət Hacıyev iki ölkə arasında siyasi məsləhətləşmələrin və siyasi dialoqun davam etdirildiyini, beynəlxalq gündəmdəki məsələlərə münasibətdə tərəflərin bir sıra mövqelərinin üst-üstə düşdüyünü diqqətə çatdırıb.