1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə PUA-larla hücum etdiyi bildirilib.
Rostov vilayəti qubernatoru Yuri Slyusarın sözlərinə görə, sentyabrın 14-nə keçən gecə Rostov, Taqanroq, Aksay və vilayətin 16 rayonunda hava hücumundan müdafiə qüvvələri tərəfindən təxminən 50 PUA məhv edilib və ya ələ keçirilib.
Hücum nəticəsində xəsarət alan olmayıb. Bununla belə, bir sıra ərazilərdə dağıntılar qeydə alınıb.
Myaasnikovski rayonunda elektrik xətti zədələnib və 30 fərdi ev işıqsız qalıb. Aksay rayonunda PUA tikilməkdə olan binanın 18-ci mərtəbəsinə düşərək binaya ziyan vurub. Kamenski rayonunda isə iki mənzilin pəncərələri sınıb.
Neklinovski rayonunda fərdi evlərin dam örtüyü və şüşələri, həmçinin avtomobillər zədələnib. Rostovun Kirovski rayonunda isə yaşayış binasının həyətində PUA qalıqları aşkarlanıb və bir avtomobilə zərər dəyib.
Qubernator bildirib ki, hadisənin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir, təcili xidmətlər ərazilərdə işləyir.