Вернуться назад Распечатать

AYNA, 37 milyonluq tender və "STP-BTECH" MMC...

Azərbaycanda yolların xətlənməsiilə növbəti böyük tenderə yekun vurulub. 

1xeber.media Bizimesr.media-ya istinadla xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda xətlənmə işlərinin satınalması üzrə tender keçirib. 

Tender şərtlərinə görə, ölkə üzrə ümumilikdə 2 milyon 458 min kvadratmetr sahədə boyalar və astarlar ilə xətlənmə işləri görülməli idi. Tenderin ehtimal olunan qiyməti 36 milyon 795 min manat idi. Tender iyulun 24-də başa çatıb, onun qalibi "STP-BTECH" MMC olub. Onunla 36 milyon 110 min manatlıq müqavilə imzalanıb. 

"STP-BTECH" MMC (VÖEN 2907446991) 2 il əvvəl, 2024-cı ilin aprelində yaradılıb. Nizamnamə kapitalı 2 milyon 400 min manatdır. Şirkətin qanuni təmsilçisi Emre Yalcindır, hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev, ,ev.Texno-park sahəsində yerləşir.

Xatırladaq ki, "STP-BTECH" MMC cəmi 2 ay əvvəl AYNA-nın daha bir böyük oxşar tenderinin qalibi olub.

Belə ki, "STP-BTECH" MMC respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması tenderinin qalibi olub və onunla AYNA arasında 29 milyon 421 min manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, "STP-BTECH" MMC son aylara kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun Dərnəgüldəki obyektində kirayə olaraq yerləşib. Şirkətdə Saleh Məmmədovun çoxsaylı qohumlatı işləyib. Saleh Məmmədovun vəzifədən çıxarılmasından sonra şirkət bütün avadanlıqlarını Sumqayıt şəhəri, H.Z.Tağıyev, ,ev.Texno-park sahəsinə köçürüb, Saleh Məmmədovun bu şirkətdə yüksək vəzifədə işləyən qohumları işdən çıxarılıb. Hazırda Saleh Məmmədovun bu şirkətdə bir neçə nəfər kiçik vəzifələrdə işləyən qohumları var.

 Eyni zamanda məlumata görə,  "STP-BTECH" MMC Azərbaycan ərazisində bütün növ yol nişanlarının hazırlanması, dəyişdirilməsi işini həyata keçirir. Azərbaycanda bu işi həyata keçirən tək və yeganə şirkətdir və bu sahəni nəzarətində saxlayır. Böyük tenderləri qazanan "STP-BTECH" MMC yolların xəttlənməsi, yol nişanlarının hazırlanmasından böyük pullar qazanır və bu prosess illərdir davam edir.

Xüsusilə diqqət  "STP-BTECH" MMC-nin hazırladığı yol nişanlarının qiymətlərinə ayrılmalıdır. Məlumata görə, nişanların hazırlanması, əvəzlənməsi və sair xidmətlər olduqca bahadır.