Suraxanının icra başçısı sərt status paylaşdı: “Kimisinin zəhərini tökməsinə baxmayaraq, yolumuza davam edəcəyik”
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
1xeber.media xəbər verir ki, icra başçısı xeyirxah təşəbbüslərə mənfi münasibət göstərən və görülən işlərdə qüsur axtaran şəxslərdən söz açıb.
Adil Əliyev belə halların onu yolundan döndərmədiyini bildirib:
“Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm, yoluma davam etməliyəm”.
O, 30 ildən artıqdır Heydər Əliyev siyasətini dəstəklədiyini, bu müddətdə müxtəlif xarakterli insanları yaxından tanıdığını qeyd edib. İcra başçısının sözlərinə görə, görülən yaxşı işlər hər kəsi sevindirmir və bəzi insanlar başqasının uğurundan narahatlıq keçirirlər.
Adil Əliyev cəmiyyətin inkişafı üçün insanların bir-birinin uğuruna sevinməsinin və faydalı təşəbbüsləri dəstəkləməsinin vacibliyini vurğulayıb:
“Biz başqasını aşağı çəkməklə yüksəlmirik. Başqasının işinə kölgə salmaqla özümüz işıqlanmırıq. Bir-birimizin uğuruna sevinməyi və yaxşı təşəbbüsləri dəstəkləməyi öyrəndikcə həm insan, həm də cəmiyyət olaraq böyüyürük”.
İcra başçısı tənqid və ittihamların onun fəaliyyət istiqamətini dəyişməyəcəyini də diqqətə çatdırıb:
“Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq”.
Adil Əliyev paylaşımını “Ölkəni də, cəmiyyəti də irəli aparan danışanlar deyil — düşünən, çalışan, yaradan və yaxşılıq edən insanlardır” fikirləri ilə tamamlayıb.
Mənbə: Adil Əliyevin rəsmi “Facebook” hesabı