Вернуться назад Распечатать

Bakı–Gəncə yolundakı dayanacağın acınacaqlı vəziyyəti – Sınıq oturacaqlar, tullantılar…

Goranboy rayonunun Dəliməmmədli qəsəbəsindən keçən Bakı–Gəncə avtomobil yolunun kənarında yerləşən sərnişin dayanacağı baxımsız vəziyyətə düşüb.

1xeber.media-ya təqdim olunan görüntülərdə dayanacaqdakı oturacaqların sındığı, əraziyə müxtəlif tullantıların atıldığı və döşəmədə çatların yarandığı görünür. Dayanacağın divarındakı hissələrin kobud şəkildə kərpiclə hörülməsi isə ümumi mənzərəni daha da acınacaqlı göstərir.

Bakı ilə Gəncə arasında hər gün çoxsaylı nəqliyyat vasitələrinin hərəkət etdiyi əsas yolun üzərində yerləşən dayanacağın bu vəziyyətdə saxlanılması aidiyyəti qurumların nəzarəti ilə bağlı ciddi suallar doğurur. Sınıq oturacaqlar xüsusilə yaşlılar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün əlavə çətinlik və təhlükə yaradır.

Maraqlıdır, Dəliməmmədli qəsəbəsindəki bu dayanacağın təmizliyinə və texniki vəziyyətinə hansı qurum cavabdehdir? Oturacaqların dəyişdirilməsi və ərazinin abadlaşdırılması üçün mütləq sakinlərin dəfələrlə şikayət etməsi lazımdırmı?

Sakinlər aidiyyəti qurumlardan dayanacağın təmizlənməsini, yararsız oturacaqların yenilənməsini və sərnişinlər üçün normal şərait yaradılmasını gözləyirlər.