Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Serbiyaya yeni təyin olunmuş səfir bu ölkənin Prezidenti Aleksandar Vuçiçə etimadnaməsini təqdim etdikdən sonra Taşmaydan parkında yerləşən Heydər Əliyevin abidəsini hərbi attaşe Elməddin Həsənov və səfirlik əməkdaşları ilə birlikdə ziyarət edib.
Səfir Tahir Tağızadə, Azərbaycanın Serbiyadakı hərbi attaşesi Elməddin Həsənov və səfirliyin əməkdaşları ziyarət çərçivəsində abidənin önünə güllər düzüblər.
Daha sonra həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsi ziyarət edilib, hər iki abidənin önünə güllər qoyulub.
Qeyd edək ki, Tahir Tağızadə etimadnaməsini bu gün Serbiya Prezidenti Aleksandar Vuçiçə Serbiya Sarayında təqdim edib.
Xatırladaq ki, Tahir Tağızadə bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib.