1xeber.media xəbər verir ki, Rusiyanın Vladikavkaz şəhərində Böyük Vətən müharibəsi zamanı Şimali Qafqaz uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə abidə ucaldılması planlaşdırılır.
Bu barədə Heydər Əliyevin adını daşıyan Azərbaycan diaspor təşkilatının rəhbəri, sahibkar Şahin Nurəddin oğlu Məmmədov məlumat verib.
Şahin Məmmədov bildirib ki, 1989-cu ildən Rusiya Federasiyasının Vladikavkaz şəhərində yaşayır. O, Rusiya ordusunun 58-ci ordusunda 25 il xidmət etdiyini, polkovnik rütbəsi ilə təqaüdə çıxdığını və hazırda Cənub Federal Dairəsində fəaliyyət göstərən “Velikiy Bratskiy” Kazak Qoşununda general-mayor rütbəsi daşıdığını qeyd edib.
Ş.Məmmədov 2011-ci ildən Heydər Əliyevin adını daşıyan diaspor təşkilatına rəhbərlik etdiyini bildirib. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Vladikavkazda yaşayan müxtəlif xalqlar arasında birliyin möhkəmləndirilməsinə töhfə vermək, Azərbaycanı və ölkənin zəngin mədəniyyətini layiqincə təmsil etməkdir.
Diaspor rəhbəri həyata keçirilən layihələrin və təşkil olunan tədbirlərin Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayıb:
“Vladikavkazda gördüyümüz işlərlə Azərbaycan xalqını və zəngin mədəniyyətimizi layiqincə təmsil etməyə çalışırıq. Ulu öndər Heydər Əliyevin siyasi irsini və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti Rusiya ictimaiyyətinə tanıdırıq. Keçirdiyimiz mədəni tədbirlər Azərbaycan və Rusiya xalqları arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət edir”.
Şahin Məmmədovun sözlərinə görə, diaspor sahəsindəki fəaliyyətinə və gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
“Bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəyəm. Vətənimiz naminə çalışmaq və onun inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir”, – deyə o əlavə edib.
Ş.Məmmədovun verdiyi məlumata görə, Böyük Vətən müharibəsi zamanı Şimali Qafqaz uğrunda aparılan döyüşlərdə 40 min 374 azərbaycanlı həlak olub.
O qeyd edib ki, həmin azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vladikavkazda abidə ucaldılacaq. Abidənin açılışının gələn il mayın 9-da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Şahin Məmmədov Gəncə şəhərində sahibkar kimi də tanınır. O, Prezident İlham Əliyevin ölkədə biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi inkişafın sürətləndirilməsinə yönəlmiş siyasətinə dəstək göstərməyi əsas məqsədlərindən biri hesab etdiyini bildirib.
Daha əvvəl mediada “İmperial Garden”lə bağlı məqalə dərc olunmuşdu. Həmin məqalə yayımlandıqdan sonra Şahin Məmmədovla əlaqə saxlanılıb və onun dəvəti əsasında Gəncə şəhərinə səfər edilib.
Səfər zamanı “İmperial Garden” restoranlar şəbəkəsinin fəaliyyəti ilə yaxından tanış olunub. Aparılan müşahidələr zamanı obyektlərdə hər hansı ciddi nöqsana rast gəlinməyib. Ərazidə yaradılmış səliqəli şərait, abadlıq və estetik görünüş diqqəti cəlb edib.
Redaksiyaya verilən məlumata görə, Şahin Məmmədovun sahibkarlıq fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunub. Hazırda vətəndaşların məşğulluğunun artırılması və sosial rifahının yaxşılaşdırılması məqsədilə əlavə iş yerlərinin yaradılması istiqamətində fəaliyyət davam etdirilir.
“İmperial Garden”da yaradılmış şərait vətəndaşların, o cümlədən ailələrin rahat istirahətinin təmin edilməsinə xidmət edir. İnsanlar buraya ailələri ilə birlikdə gələrək dincəlir və asudə vaxtlarını səmərəli keçirirlər.
Şahin Məmmədov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin sahibkarlara göstərdiyi həssas və diqqətli münasibət yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açır. Onun sözlərinə görə, bu siyasət ölkədə biznes mühitinin inkişafına, məşğulluğun artırılmasına və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.




