Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir.
1xeber.media xəbər verir ki, bu, Cinayət və Cinayət-Prosessual Məcəllələrə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə (TM) qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-In müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb. TM-in digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Bu baxımdan TM-ə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda TM-in qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Layihədə təqdim olunan digər dəyişikliklər hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatın xüsusiyyətlərini nəzərə alaraq mahiyyət etibarılə uyğunlaşdırma xarakteri daşıyır.