11–12 sentyabr tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər ediblər. Səfərdə 58 dövləti və 9
beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edib. Formal baxımdan bu, 2020-ci
ildən bəri təşkil olunan 22-ci belə səfərdir və ilk baxışdan bu rəqəm artıq adi protokol təqviminin növbəti
bəndi kimi görünə bilər. Lakin baş verənlərin ən diqqətçəkən tərəfi məhz bu səfərlərin artıq adi xarakter
almasıdır. Bu, Qarabağın xüsusi siyasi səbəb olmadan səfər edilən, xarici diplomatların akkreditə
olunduqları ölkənin digər bölgələri kimi ziyarət etdikləri bir əraziyə çevrildiyini göstərir.
Son illərdə baş verən əsas dəyişiklik də məhz bundan ibarətdir. 2020-ci ildən sonra təşkil
olunan ilk səfərlər daha çox şahidlik funksiyası daşıyırdı: dağıntıları, mina təhlükəsini, görüləcək işlərin
miqyasını beynəlxalq ictimaiyyətə göstərmək məqsədi güdürdü. Bu, bir növ faktların nümayiş
etdirilməsi dili idi – Azərbaycan təxminən otuzillik işğaldan miras qalmış vəziyyəti dünyaya göstərirdi.
Bu gün isə səfərlərin məntiqi köklü şəkildə dəyişib. Diplomatlara artıq itirilənlər deyil, yenidən
qurulanlar göstərilir. Məhz nümayiş olunan mənzərənin dəyişməsi Qarabağın “postmünaqişə ərazisi”
kateqoriyasından çıxaraq “inkişaf ərazisi”nə çevrilməsini təsdiqləyir. Bu səfərlərin arxasında sadə, lakin
təsirli diplomatik məntiq dayanır: hadisələri birbaşa müşahidə etmək istənilən siyasiləşdirilmiş
interpretasiyanın təsirini azaldır. Onilliklər ərzində Qarabağ ətrafında elə narrativlər sistemi
formalaşdırılmışdı ki, region ilk növbədə işğalın, münaqişənin və mübahisəli statusun simvolu kimi
təqdim edilirdi. Bu narrativlər üçüncü tərəflərin bəyanatları, lobbi kampaniyaları və bölgəni heç vaxt öz
gözləri ilə görməmiş auditoriyaya hesablanmış ritorika vasitəsilə yaradılırdı. Şəxsi müşahidə isə bu
konstruksiyanı istənilən əks-təbliğatdan daha sürətlə dağıdır. Bərpa edilmiş Şuşanı gəzən, üç min
tələbənin təhsil aldığı Qarabağ Universitetinin fəaliyyətini, yeni nəqliyyat infrastrukturunu və doğma
torpaqlarına qayıdan sakinləri görən diplomat artıq başqalarının interpretasiyalarının sadəcə
auditoriyası olaraq qalmır. O, özü müstəqil qənaət mənbəyinə çevrilir. Belə müstəqil şahidlərin sayı
artdıqca, hər hansı tərəfin narrativ üzərində inhisar imkanları da bir o qədər azalır. Bu baxımdan
Azərbaycan artıq Qarabağ üzərində suverenliyini siyasi bəyanatlarla sübut etməyə ehtiyac duymur.
Suverenlik idarəçilik, quruculuq, təhsil, iqtisadi fəaliyyət və mədəni irsin qorunması vasitəsilə
praktikada həyata keçirilir. Bu gün Bakının əsas diplomatik alətinə çevrilən də məhz ritorika deyil, real
fəaliyyətdir
İlk baxışdan ikinci dərəcəli görünə biləcək bir detal da bu mənada xüsusilə əlamətdardır. Belə
ki, səfər zamanı Meksikanın Azərbaycandakı səfirliyi Şuşada ölkəsinin Müstəqillik Günü münasibətilə
qəbul təşkil edib. Bunun arxasında kifayət qədər aydın mesaj dayanır: Şuşa tədricən sadəcə xəritədə
bərpa edilmiş şəhər deyil, Azərbaycanın beynəlxalq diplomatik həyatının keçirildiyi məkanlardan birinə
çevrilir. Səfər proqramına Gəncəsər və Xudavəng monastır komplekslərinin daxil edilməsi də ayrıca
təhlilə layiqdir. Bu, proqramın təsadüfi mədəni hissəsi deyil. Xristian abidələri məsələsi onilliklər
ərzində Ermənistan tərəfindən regionun guya yalnız erməni tarixinə mənsubluğunu əsaslandıran
arqumentlərdən biri kimi istifadə olunub. Azərbaycanın yanaşması isə prinsipial şəkildə fərqlidir. Bu
mövqe inkar üzərində deyil, regionun tarixi-mədəni irsinin çoxqatlı olması üzərində qurulur. Qarabağ
Qafqaz Albaniyasının tarixi irsinin mühüm hissəsi kimi nəzərdən keçirilir və Azərbaycan öz ərazisində
yerləşən bütün tarixi, mədəni və dini abidələrin, onların hansı konfessiyaya mənsub olmasından asılı
olmayaraq, qorunmasına görə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.
“Buradakı assimetriya xüsusilə nəzərə çarpır. Bu abidələri müstəsna olaraq erməni tarixinin
elementi kimi təqdim etmək cəhdləri müasir Ermənistan ərazisində əsrlərlə mövcud olmuş Azərbaycan
mədəni irsinin, demək olar ki, tamamilə inkar edilməsi ilə paralel gedir. Bu ziddiyyət təsadüfi deyil. O,
tarixi irsin vicdanlı araşdırma obyekti kimi deyil, legitimlik vasitəsi kimi seçmə şəkildə istifadə edildiyi
daha geniş yanaşmanın təzahürüdür. Məhz buna görə də diplomatların bu abidələrə birbaşa çıxışı sırf
mədəni proqram çərçivəsindən kənara çıxan əhəmiyyət daşıyır: bu, seçici yanaşmanın interpretasiya
üzərində inhisarını aradan qaldırır”, - deyən Sevinc Fətəliyeva bu səfərə Ermənistandan verilən
reaksiyalara da münasibət bildirib. Onun sözlərinə görə, həmin reaksiyalar kifayət qədər kəskin,
emosional, bəzi hallarda isə ittiham həddindədir. Böyük Kilikiya Evinin katolikosu I Aram Ermənistana
dost hesab edilən dövlətlərin nümayəndələrinin Şuşada olmasına və oradakı tədbirlərdə iştirak
etməsinə açıq şəkildə etiraz edib. Lakin məhz belə reaksiya ayrıca təhlil edilməli olan daxili ziddiyyəti
ortaya qoyur.
Əgər Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, xarici diplomatların
beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinə səfəri məntiqi baxımdan etiraz predmeti ola
bilməz. Diplomatların qonşu dövlətin suveren ərazisində hərəkət etməsinin qınanması həmin ərazinin
Azərbaycana məxsusluğunun bəyan olunan şəkildə tanınması ilə çətin uzlaşır. Başqa sözlə, problem
nə diplomatlarda, nə də onların səfər marşrutundadır. Problem ondadır ki, Azərbaycanın ərazi
bütövlüyünün tanınması Ermənistan cəmiyyətinin müəyyən hissəsi üçün hələ də daha çox formal ifadə
səviyyəsində qalır və özündən konkret siyasi nəticələr doğuran reallığa çevrilməyib. Bu nəticələr isə
son dərəcə konkretdir: Şuşa Azərbaycan şəhəridir, Xankəndi Azərbaycan şəhəridir, Ağdərə və
Kəlbəcər Azərbaycanın rayonlarıdır. Xarici diplomatların bu ərazilərə səfər etməsi Bakıdan kənarda
heç kimin icazəsini tələb etmir. Sülh yalnız sazişin mətnindən ibarət deyil. Qonşu dövlətin ərazi
bütövlüyünün həqiqi tanınması onun praktiki nəticələrini də qəbul etməyə hazır olmaq deməkdir. Ərazi
bütövlüyünü yalnız münasib məqamlarda formal şəkildə tanımaq kifayət deyil.
“Bu baxımdan səfərin istər-istəməz Ermənistan cəmiyyəti qarşısında qoyduğu əsas sual belədir: əgər
rəsmi İrəvan həqiqətən sülhə doğru irəliləyirsə, bu xətt yalnız diplomatik sənədlərdə deyil,
Ermənistanın ictimai, informasiya və dini məkanında nə dərəcədə kök sala bilib? Reaksiyaların
kəskinliyinə nəzər yetirdikdə, bu prosesin hələ tam başa çatmadığını görmək mümkündür. Diqqətli
təhlil göstərir ki, revanşist düşüncəli dairələri narahat edən xarici diplomatların sadəcə Qarabağa
gəlməsi deyil. Onları daha çox narahat edən diplomatların Qarabağı bu gün olduğu kimi – fəaliyyət
göstərən universiteti, bərpa olunmuş Şuşası, işlək infrastrukturu, qorunan dini abidələri və geri qayıdan
sakinləri ilə görməsidir. Bu reallıq revanşizmi onun əsas resursundan – keçmişi indinin siyasi reallığı
kimi təqdim etmək imkanından məhrum edir”, - deyən millət vəkili əlavə edib ki, ABŞ-ın
Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun məhz bu səfər zamanı Cənubi Qafqazdakı
proseslərin düzgün istiqamətdə irəlilədiyini bildirməsi də simvolik xarakter daşıyır. Eyni zamanda,
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono nümayəndə heyətinin
tərkibində ilk dəfə azad edilmiş ərazilərə səfər edib. Bunlar sadəcə diplomatik protokol elementləri
deyil, beynəlxalq diplomatiyanın diqqət istiqamətinin göstəricisidir. Bu gün beynəlxalq diplomatiya
gələcəyə – bərpaya, kommunikasiyaların açılmasına və regional əməkdaşlığa baxır. Revanşist diskurs
isə regionu yenidən keçmişə, həll olunmamış münaqişə vəziyyətinə qaytarmağa çalışır. Məhz buna
görə də hazırkı səfər ətrafında gedən müzakirələr səfərin özündən daha geniş məna daşıyır. Əslində,
söhbət Ermənistan cəmiyyətinin postmünaqişə reallığına uyğunlaşmaq qabiliyyətinin sınağından gedir.
Bu sınaq formal diplomatik tanınma ilə həmin reallığın siyasi və ictimai səviyyədə qəbul edilməsi
arasındakı fərqi açıq şəkildə göstərir.
Azərbaycan bu prosesdə üzərinə düşən əsas vəzifəni artıq yerinə yetirib: ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib və münaqişənin başa çatdırılması mərhələsindən dayanıqlı sülhün
qurulması mərhələsinə keçir. Lakin bu məntiq yalnız o halda tam işləyə bilər ki, ərazi iddialarından
imtina təkcə diplomatik sənədlərdə deyil, siyasi təfəkkürdə də öz əksini tapsın. Bir tərəfdən
Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, digər tərəfdən səfirlərin Qarabağa səfərinə etiraz etmək
mümkün deyil. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycan şəhərlərinin bərpasını təhlükə
kimi qəbul etmək olmaz. Münasibətlərdə yeni səhifə açılmasına çağırış edib, eyni zamanda qonşu
dövlətin suveren ərazisinə keçmiş ərazi iddialarının prizmasından baxmaq da məntiqi deyil.
Diplomatik korpusun bu səfəri bir daha göstərir ki, Qarabağın statusu ətrafında mübahisələr
dövrü artıq başa çatıb. Xarici diplomatlar bu ərazilərə münaqişə tərəfləri arasında vasitəçi kimi və ya
hansısa statusu müzakirə etmək üçün gəlmirlər. Onlar Azərbaycan dövlətinin qonaqları kimi Qarabağa
səfər edir, bərpa və yenidənqurma işlərinin nəticələri ilə tanış olurlar. Görünür, məhz bu sadə reallıq
Ermənistanda hələ də keçmişin kateqoriyaları ilə düşünən qüvvələr üçün ən çətin qəbul olunan
məqamdır. Lakin tarixin gedişini onların reaksiyası müəyyən etmir. Diplomatlar, jurnalistlər və xarici
qonaqlar Qarabağda baş verənləri yerində nə qədər çox görsələr, region haqqında miflər və onun
tarixini yenidən siyasi qarşıdurma alətinə çevirmək cəhdləri üçün bir o qədər az məkan qalacaq.
Azərbaycan üçün belə kampaniyalara ən yaxşı cavab polemika deyil, elə mövcud reallığın özüdür:
bərpa olunan şəhərlər, doğma yurdlarına qayıdan insanlar, fəaliyyət göstərən məktəb və universitetlər,
qorunan tarixi və dini abidələr. Bu gün Qarabağın yeni simasını bəyanatlar deyil, məhz bu amillər
müəyyən edir.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi