Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi
attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş
ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı
tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində
tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə
rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng
monastır komplekslərinə, "İstisu" mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil
edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik
korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək
Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz və suveren
ərazisidir. Xarici diplomatların bu bölgələrə səfər etməsinə qarşı Ermənistan cəmiyyətində
qaldırılan hay-küylü kampaniya Azərbaycanın daxili işlərinə açıq müdaxilədir. Bu cür yanaşma
rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması barədə bəyanatları
ilə köklü şəkildə ziddiyyət təşkil edir. Diplomatların bu səfərdə iştirakı isə onların təmsil etdiyi
dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini növbəti dəfə
təsdiqləyir. Ermənistan tərəfi Gəncəsər və Xudavəng monastır komplekslərini uydurma şəkildə
"erməni irsi" kimi qələmə verməyə çalışarkən, eyni zamanda öz ərazisində yüzilliklər boyu
mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edir. Azərbaycan torpaqlarında
sanki yalnız ermənilərin yaşadığı, müasir Ermənistan ərazisində isə azərbaycanlıların heç vaxt
məskunlaşmadığı barədə formalaşdırılan saxta narrativ şovinist və rasist düşüncə tərzinin
bariz nümunəsidir. Dünyanın tarix elminə yaxşı məlumdur ki, Qarabağ bölgəsindəki qədim
xristian abidələri Qafqaz Albaniyasının tarixi və mədəni irsinə məxsusdur. Ermənistanın bu
tarixi həqiqəti həzm edə bilməməsi və alban irsini inkar etməsi faktiki olaraq mədəni irqçilikdir.
Azərbaycan dövləti öz ərazisindəki bütün tarixi, dini və mədəni abidələrin yeganə sahibidir və
onların qorunmasını tam məsuliyyəti ilə həyata keçirir. Bu qərəzli kampaniya və qızışdırıcı
məlumatlar yalnız radikal müxalifət dairələrindən qaynaqlanmır. Aparılan təhlillər göstərir ki,
diplomatların səfərini hədəf alan psixoloji hücumların və dezinformasiya dalğasının arxasında
birbaşa Ermənistanın mövcud hakimiyyəti durur. Çünki bu qəbilədən olan reaksiyalar və
təxribatçı yazılar məhz Paşinyan hakimiyyətinə və hakim partiyaya yaxın media resurslarında
intensiv şəkildə tirajlanır. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın
açıqlamaları və 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında
sərhəd təxribatlarında həlak olan hərbçilərin sükutla yad edilməsi rəsmi İrəvanın daxili
işlərimizə müdaxilə etdiyini və revanşizm əhval-ruhiyyəsini körüklədiyini nümayiş etdirir.
Müharibədəki məğlubiyyətdən sonra sülhə məcbur edilən Paşinyan hakimiyyətinin dirijorluğu
ilə həyata keçirilən bu qərəzli kampaniya, Ermənistanın sülh prosesində qeyri-səmimi
olduğunu və danışıqlara qəsdən zərbə vurmaq niyyətini bir daha üzə çıxarır.
Ermənistan tərəfinin bu cür dözümsüz və revanşist mövqeyi bölgədə davamlı sülhün bərqərar
olmasına mane olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir.
Ermənistanın Qərbi Azərbaycanda min illər boyu xalqımızın yaratdığı mədəni irsi tarixi
abidələri, məscidləri və qəbiristanlıqları sistemli şəkildə dağıtması dözümsüzlük və irqçiliyin
bariz təzahürüdür. Azərbaycanın mədəni izlərini silməyə və regionun tarixini təhrif etməyə
yönəlmiş bu destruktiv addımlar beynəlxalq hüququn, xüsusən 1954-cü il Haaqa
Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Elçin Qiyasov,
Sabirabad rayonu, Mil-Muğan Gənclər və İdman İdarəsinin rəisi