Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif ölkələri və dini konfessiyaları təmsil edən beynəlxalq nümayəndə heyətinin azad edilmiş ərazilərə gözlənilən səfərinin böyük əhəmiyyət kəsb etdiyini bəyan edib.
1xeber.media-nın məlumatına görə,dövlət başçısı vurğulayıb ki, Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərini əhatə edən bu genişmiqyaslı səfər zamanı dini liderlər Ermənistanın 30 illik işğal dövründə törətdiyi kütləvi dağıntıların, vandalizmin və mədəni-tarixi irsin məhv edilməsinin ağır nəticələri ilə birbaşa yerindəcə tanış olacaqlar.
Prezident İlham Əliyev qeyd edib ki, səfər proqramı qonaqlara yalnız keçmişin acı reallıqlarını deyil, həm də Azərbaycanın zəfərdən sonra bölgədə yaratdığı yeni reallıqları göstərmək baxımından unikal fürsətdir. Dini liderlər hazırda dövlət tərəfindən sürətlə bərpa edilən, tarixi çəkisi qaytarılan və yenidən dirçələn Qarabağın modern infrastruktur layihələri, yeni inşa olunan ibadət evləri və müasir şəhərsalma siması ilə yaxından tanış olacaqlar.
Siyasi və beynəlxalq ekspertlərin fikrincə, müxtəlif dinlərin rəhbərlərinin məhz Xankəndi, Xocalı, Şuşa və Ağdama eyni vaxtda səfər etməsi rəsmi Bakının apardığı çoxvektorlu mədəni diplomatiyanın növbəti uğurudur.
Bu addım Ermənistanın onilliklər boyu apardığı saxta təbliğata və dezinformasiyalara beynəlxalq müstəvidə ən kəskin cavab olmaqla yanaşı, Azərbaycanın multikulturalizm və dini dözümlülük dəyərlərini, eləcə də bölgədəki quruculuq qüdrətini dünya ictimaiyyətinə əyani şəkildə nümayiş etdirəcək.