
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi və regionda keçirilən hərbi əməliyyatların aparılma prinsiplərinə toxunaraq, Azərbaycan dövlətinin və ordusunun dünyaya nümunə olan humanist yanaşmasını bəyan edib.
Dövlət başçısı qətiyyətlə bildirib ki, döyüşlərin getdiyi ilk gündən etibarən Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız işğalçı qüvvələrin hərbi birləşmələrini, mövqelərini və legitim hərbi infrastrukturlarını hədəfə alıb.
Prezident İlham Əliyev Ermənistanın müharibə dövründə cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tutaraq törətdiyi mülki qırğınları xatırladıb. Azərbaycan lideri qeyd edib ki, ölkəmiz işğalçı tərəfdən fərqli olaraq, heç vaxt silahsız və mülki şəxslərə qarşı müharibə aparmayıb. Dövlət başçısı mülki insanlara zərər verməmək xəttinin təkcə beynəlxalq hüququn tələbi olmadığını, eyni zamanda Azərbaycan xalqının əsrlərdən bəri gələn adət-ənənələrinə, ali humanizm prinsiplərinə və mənəvi dəyərlərinə əsaslandığını xüsusi vurğulayıb.