1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı təklifini müsbət qiymətləndirib.
Peskovun sözlərinə görə, belə bir enerji atəşkəsi Rusiyanın daxili yanacaq bazarını sabitləşdirməsinə kömək edə bilər. O bildirib ki, Moskva enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də tədbirlər görür.
Kreml rəsmisi dünya neft məhsulları bazarının sabitləşməsi üçün əlavə şərtlərin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz dəniz ticarəti təmin edilməli və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv edilməlidir.
Peskov həmçinin Rusiya qazının Avropa bazarına qayıtmasının mümkün olduğunu, lakin bunun yalnız Moskva üçün iqtisadi baxımdan sərfəli olduğu halda müzakirə edilə biləcəyini bildirib.