Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xalqımızın nümayiş etdirdiyi
qəhrəmanlıq və birlik, sözün əsl mənasında, bütün dünyanı heyrətə saldı. 2020-ci ildə
Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna əks-hücumla bağlı verdiyi
əmr xalqımız tərəfindən böyük sevinclə qarşılandı. Həmin tarixi günlərdə hər bir vətəndaşımız
Prezidentimizin ətrafında sıx birləşərək Vətən uğrunda mübarizəyə öz dəstəyini verdi.
Nəticədə torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
bərpa olundu.
Zəfərdən dərhal sonra qarşıda yeni və böyük bir vəzifə dayanırdı – 30 illik erməni işğalı
nəticəsində talan edilmiş və viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması.
Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq
və bərpa işlərinə başlanıldı. Bu istiqamətdə də xalqımız Prezident İlham Əliyevin ətrafında
səfərbər olaraq dövlətimizin həyata keçirdiyi siyasətə öz dəstəyini verdi.
Bu gün həmin torpaqlarda aparılan işlərin miqyası Azərbaycanın qarşıya qoyduğu
məqsədlərin nə qədər böyük olduğunu göstərir. İşğaldan azad olunmuş şəhər və kəndlər
müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurulur. Yeni hava limanları tikilərək
istifadəyə verilir, dünya standartlarına cavab verən avtomobil yolları çəkilir, mürəkkəb coğrafi
relyefə malik ərazilərdə tunellər inşa olunur. Ən müasir xəstəxanaların və məktəblərin
tikilməsi, doğma yurdlarına qayıdan soydaşlarımızın rahat və müasir ev və mənzillərlə təmin
edilməsi bu böyük quruculuq prosesinin əsas istiqamətlərindəndir.
Bununla yanaşı, azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması da
diqqət mərkəzində saxlanılır. Sənaye və Aqroparkların yaradılması Qarabağ və Şərqi
Zəngəzurun iqtisadi potensialının üzə çıxarılmasına, yeni iş yerlərinin yaradılmasına və həmin
ərazilərin dayanıqlı inkişafına mühüm töhfə verir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri
xarici ölkələrin nümayəndələrinin də diqqətini cəlb edir. Azərbaycanda fəaliyyət göstərən xarici
dövlətlərin səfirləri və diplomatları bu ərazilərə səfərləri zamanı görülən işlərin miqyasını öz
gözləri ilə müşahidə edir və heyrətlərini gizlətmirlər.
Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın
nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin Qarabağ və
Şərqi Zəngəzura səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Sayca 22-ci dəfə təşkil
olunan bu səfər çərçivəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən yenidənqurma işləri ilə yaxından tanış oldular, həmçinin tarixi, mədəni və dini
abidələri ziyarət etdilər.
Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və
Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də
xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu
komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus
tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.
Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi.
Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş
qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti
olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Səfərin ən diqqətçəkən məqamlarından biri isə Qarabağ və Şərqi Zəngəzura səfər edən
nümayəndə heyətində Fransa və ABŞ səfir və diplomatlarının da yer alması idi. Bu fakt xüsusi
əhəmiyyət daşıyır. Çünki uzun illər ermənilərin işğal siyasətini dəstəkləyən Fransa da artıq
bölgədə Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətindədir.
Xarici diplomatların azad edilmiş ərazilərə səfərləri təkcə quruculuq işləri ilə tanışlıq
baxımından əhəmiyyət daşımır. Bu səfərlər Azərbaycan həqiqətlərinin yerində görülməsi,
işğalın ağır nəticələrinin şahidi olunması və ölkəmizin qısa müddət ərzində həyata keçirdiyi
möhtəşəm bərpa prosesinin nümayiş etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Qarabağ və Şərqi Zəngəzura səfər edən səfir və diplomatlar bir daha Azərbaycanın
iqtisadi baxımdan qüdrətli dövlət, Azərbaycan xalqının isə qurub-yaradan və sülhsevər xalq
olduğunun şahidi oldular. Bu gün həmin ərazilərdə görülən işlər Azərbaycanın Zəfərinin yalnız
hərbi deyil, həm də quruculuq və inkişaf mərhələsinin başlanğıcı olduğunu nümayiş etdirir.
Vətən müharibəsində əldə edilən tarixi Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etdi. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən
genişmiqyaslı quruculuq işləri həmin Zəfərin nəticələrini real və dayanıqlı inkişafla
möhkəmləndirir. Xarici diplomatların bu proseslə yerində tanış olması isə Azərbaycanın
yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə daha aydın görünməsinə imkan verir.
İbrahim Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı