Вернуться назад Распечатать

"Sülhün yolu suverenliyə tarixi həqiqətlərə obyektiv münasibətdən keçir" - Zəfər Qurbanov

Son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistanda yaranan reaksiyalar bir sıra mühüm suallar doğurur. Sentyabrın 11-12-də baş tutan səfər çərçivəsində diplomatik nümayəndələr Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, mövcud reallıq və regionun gələcək inkişafı ilə bağlı proseslərlə yerində tanış olublar.

“Məsələyə ilk növbədə beynəlxalq münasibətlərin fundamental prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan ərazisində diplomatik nümayəndələrin səfərinə etiraz edilməsi suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri ilə bağlı suallar yaradır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan tərəfindən paraflanmış sülh sazişi layihəsi və həmin görüşün nəticələrinə dair Birgə Bəyannamə də münasibətlərin suverenlik, ərazi bütövlüyü və dövlətlərin yurisdiksiyasına hörmət əsasında qurulmasının vacibliyini təsbit edir. Bu baxımdan diplomatik korpusun Azərbaycanın müxtəlif bölgələrinə səfəri qeyri-adi hal deyil. Əksinə, belə səfərlər beynəlxalq nümayəndələrin bölgədəki vəziyyətlə yerində tanış olması, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesini müşahidə etməsi baxımından əhəmiyyətlidir,” – deyə rektor bildirb.

O qeyd edib ki, səfərin özündən daha çox Ermənistanda doğurduğu reaksiyalar diqqət çəkir. Ermənistanın siyasi və ictimai dairələrindən səslənən bəzi açıqlamalarda Azərbaycanın Qarabağ bölgəsinə səfər edən xarici diplomatlara etiraz ifadə edilib. Azərbaycanın mövqeyindən baxdıqda, bu yanaşma artıq mövcud olan siyasi-hüquqi reallıqla ziddiyyət təşkil edir. Çünki iki ölkə arasında sülh gündəliyinin mühüm elementlərindən biri dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsidir. Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə də tərəflər gələcək münasibətlərin məhz bu prinsiplər üzərində qurulmasına sadiqliklərini ifadə ediblər. Digər diqqətçəkən məsələ tarixi və mədəni irs ətrafında aparılan mübahisələrdir. Qarabağda yerləşən Gəncəsər və Xudavəng kimi tarixi abidələrin mənsubiyyəti ilə bağlı yanaşmalar uzun illərdir müxtəlif siyasi və elmi mübahisələrin predmetidir. Burada mühüm olan məsələ tarixi irsin siyasi məqsədlər üçün birtərəfli şəkildə təqdim edilməsindən daha çox, araşdırmaların elmi prinsiplər, mövcud tarixi mənbələr və beynəlxalq irs normaları əsasında aparılmasıdır.

Bu kontekstdə son hadisələrin sülh prosesinə təsiri də diqqətdən kənarda qala bilməz. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması mühüm mərhələ kimi qiymətləndirilib. Bəyannamədə tərəflər qarşılıqlı hörmət əsasında yeni münasibətlər qurmaq, keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq və istənilən revanş cəhdini rədd etmək niyyətlərini ifadə ediblər. Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin sənədi münasibətlərin suverenlik və ərazi bütövlüyünə tam hörmət əsasında yeni mərhələyə keçməsi kimi təqdim edib.

Məhz buna görə də siyasi ritorikanın sülh sənədlərində ifadə olunan prinsiplərlə uyğunluğu mühüm əhəmiyyət daşıyır. Sülh yalnız dövlətlərarası sənədlərin imzalanması ilə yekunlaşmır. Onun dayanıqlı olması üçün cəmiyyətlərdə də yeni reallıqların qəbul edilməsi, qarşılıqlı hörmətin formalaşması və revanşist ritorikanın arxa plana keçməsi vacibdir.

Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr hadisələri zamanı həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də Azərbaycanda diqqətlə qarşılanıb. Ermənistan tərəfi bu addımı öz hərbçilərinin xatirəsinin anılması kimi təqdim edir. Bu kimi hadisələrə münasibətdə isə tərəflərin bir-birinə zidd siyasi və tarixi interpretasiyaları nəzərə alınmalıdır. Məhz belə həssas məsələlərdə ritorikanın sülh gündəliyinə necə təsir göstərdiyi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanla Ermənistan arasında sülhün gələcəyi təkcə rəsmi Bakı və İrəvanın atdığı addımlardan deyil, hər iki cəmiyyətdə formalaşan yanaşmalardan da asılıdır. Sülhə aparan yol bir tərəfin digərinin ərazi bütövlüyünə, tarixi reallıqlarına və suveren hüquqlarına hörmət etməsindən keçir. Eyni zamanda, tarixə münasibətdə ikili standartların aradan qaldırılması, mədəni irsin siyasiləşdirilməməsi və qarşılıqlı ittihamların yerini əməkdaşlıq məntiqinin tutması zəruridir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qarşısında yeni mərhələ açılıb. Bu mərhələnin əsas istiqaməti münaqişənin siyasi və psixoloji mirasının aradan qaldırılması, regionda davamlı sülhün təmin olunması və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Vaşinqtonda əldə olunmuş razılaşmaların məntiqi də məhz bu istiqamətə yönəlib.
Bu gün Cənubi Qafqazın qarşısında iki fərqli yanaşma dayanır: keçmişin qarşıdurma dili ilə yaşamaq və ya yeni regional reallıqları qəbul edərək gələcəyə yönəlmək. Davamlı sülh üçün ikinci istiqamətin üstünlük qazanması vacibdir. Bunun üçün isə ilk növbədə suverenliyə hörmət, tarixi həqiqətlərə obyektiv münasibət, mədəni irsin qorunması və cəmiyyətlər arasında etimadın formalaşdırılması təmin edilməlidir.

Tarix dəyişdirilə bilməz, lakin xalqların gələcəyə münasibəti dəyişə bilər. Cənubi Qafqaz üçün əsas məsələ də keçmişin mübahisələrini gələcəyin gündəliyinə çevirmək deyil, gələcək nəsillərə müharibədən deyil, sülhdən və əməkdaşlıqdan miras qoymaqdır.

Zəfər Qurbanov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi