Вернуться назад Распечатать

"Yeni reallıq: regionun gələcəyi qarşılıqlı etimad və sülh üzərində qurulmalıdır" - Deputat yazır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından mühüm əhəmiyyətə malikdir. 

58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olub. Diplomatlar burada həyata keçirilən bərpa-quruculuq işləri, sosial-iqtisadi layihələr, infrastruktur obyektləri, tarixi və mədəni irslə tanış olublar. Bu, 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.

Səfərin məqsədi olduqca aydındır: xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda baş verən prosesləri öz gözləri ilə görür, Azərbaycanın bərpa və yenidənqurma siyasəti ilə tanış olurlar. Xankəndidə dəmir yolu və avtovağzal kompleksi, Zəfər Parkı, Qarabağ Universiteti, Şuşada aparılan quruculuq işləri, Ağdərə və Kəlbəcərdəki tarixi-mədəni abidələrə baxış bu yanaşmanı təsdiqləyir.

Bəs Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən diplomatik səfər Ermənistanın bəzi dairələrində niyə narahatlıq yaradır? Əvvəla, Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə səfər etməsi normal diplomatik praktikadır. Bu səfərin Ermənistanın daxili siyasi gündəminə çevrilməsi isə müəyyən dairələrin mövcud reallıqları qəbul etməkdə çətinlik çəkdiyinin göstəricisidir. Digər tərəfdən, diplomatların bu bölgələrə səfəri Azərbaycanın yaratdığı yeni reallıqları birbaşa müşahidə etməsinə imkan verir. Onlar yalnız dağıntıların nəticələri ilə deyil, yeni yollar, məktəblər, universitet, yaşayış məhəllələri, sosial və iqtisadi obyektlərlə də tanış olurlar. Bu baxımdan səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Gəncəsər və Xudavəng monastr komplekslərinin tarixi mənşəyi ilə bağlı təqdimatlar isə Ermənistanın siyasi və media dairələrində xüsusilə sərt reaksiyaya səbəb olub. Azərbaycan haqlı olaraq – tarixi reallığa əsaslanaraq bu abidələri Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim edir. Ermənistan isə məsələnin mahiyyətini təhrif edərək onları erməni dini-mədəni irsinin tərkib hissəsi hesab edir. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın Azərbaycan tərəfinin mövqeyini tənqid etməsi də məsələnin qeyri-obyektiv formada siyasi müstəviyə keçirildiyini nümayiş etdirir.

Mədəni irsin qorunması məsələsində universal prinsiplər əsas götürülməlidir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üçün beynəlxalq hüquqi çərçivə müəyyənləşdirib. Azərbaycan bu Konvensiyaya 1993-cü ildə qoşulub. Bu baxımdan, Qarabağdakı məscidlərin, kilsələrin, qəbiristanlıqların və digər tarixi obyektlərin qorunması ilə yanaşı, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan irsinə də eyni prinsipdən yanaşılması vacibdir.

Məsələnin digər narahatedici tərəfi Ermənistanın bəzi ictimai-siyasi dairələrində revanşist ritorikanın davam etməsidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, Qarabağda separatizmə son qoyulub, azad edilmiş ərazilərdə dövlət idarəçiliyi təmin edilib və genişmiqyaslı quruculuq prosesi həyata keçirilir. Bu reallığın qəbul edilməməsi, keçmiş separatçı gündəliyin müxtəlif formalarda gündəmə gətirilməsi sülh prosesi ilə ziddiyyət təşkil edir.

Sülh yalnız siyasi sənədlərin imzalanması ilə formalaşmır. Davamlı sülh üçün yeni reallıqların qəbul edilməsi, düşmənçilik ritorikasının zəiflədilməsi, ərazi bütövlüyünə və suverenliyə hörmət əsas prinsip kimi qəbul olunmalıdır. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura 22-ci səfəri də bu baxımdan mühüm mesajdır. Xarici diplomatlar regiondakı vəziyyəti siyasi bəyanatlardan deyil, yerində müşahidə edirlər. Azərbaycan isə öz suveren ərazisində bərpa-quruculuq işlərini davam etdirir, tarixi və dini irsi qoruyur, beynəlxalq nümayəndələri bu bölgələrə dəvət edir.
Azərbaycanın mövqeyi aydındır: regionun gələcəyi qarşıdurma ritorikası deyil, suverenliyə hörmət, qarşılıqlı etimad və sülh üzərində qurulmalıdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı