Вернуться назад Распечатать

Azərbaycanın İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman
dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq
Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə bu
məsələlərə xüsusi toxunub: “Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa
çatdıqdan dərhal sonra – 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam
məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, – hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da
ki, yarı dağıdılmışdır, – bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”.
30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndləri, tarixi,
mədəni və dini abidələri sistematik şəkildə məhv edilmişdir. Ağdam kimi böyük bir şəhərdə bir
dənə də olsun sağlam binanın saxlanılmaması, evlərin sökülərək daşlarının, dam örtüklərinin
və hətta qəbir daşlarının satılması tayı-bərabəri olmayan bir vandalizm aktıdır. Prezident İlham
Əliyevin vurğuladığı kimi, bu barbarlığın iki əsas məqsədi var idi: birincisi, azərbaycanlıların öz
tarixi torpaqlarına bir daha qayıtmaması üçün həyat izlərini tamamilə silmək, ikincisi isə
soyğunçuluq yolu ilə varlanmaq: “İşğal dövründə Ağdamda bir dənə də olsun bina
qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar
talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın,
ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar... Sökülən o daşları, binaların dam
örtüklərini, çərçivələri – hamısı – hətta qəbir daşlarına qədər – onları da aparmışdılar. Sonra o
rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit
kimi bazarlarda satırdılar”.
Azərbaycan xalqı 30 il boyunca təkcə işğalla deyil, eyni zamanda beynəlxalq aləmin,
xüsusən də Qərb təşkilatlarının və artıq tarixin arxivinə atılmış ATƏT-in mənfur Minsk
qrupunun laqeydliyi ilə üz-üzə qalmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin icrasız qalması, Avropa Şurası və Avropa Parlamentinin
işğalçıya sanksiya tətbiq etməməsi, əksinə onu dəstəkləməsi ikili standartların bariz
nümunəsidir. Prezident bu ədalətsizliyi və ikili standartları açıq şəkildə ifşa edib: “Bütün bunları
dünya bilməlidir. Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük
dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri
ört-basdır etmək istəyirdi”. Dövlət başçısı Qərbin bəzi təsisatlarının riyakarlığını vurğulayarkən
Avropa Parlamentini kəskin tənqid edib. Xatırladıb ki, Avropa Şurasında Ermənistana qarşı
heç bir sanksiya tətbiq edilməyib. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad
etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra
Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur: “Avropa
Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar
yuvasıdır Avropa Parlamenti”.
Bu gün Azərbaycanın öz gücü hesabına suverenliyini tam bərpa etməsi, müstəqil xarici
siyasət yürütməsi və heç bir kənar qüvvənin qarşısında baş əyməməsi Qərbdəki bəzi
islamofob və qərəzli dairələri narahat edir. Azərbaycana qarşı aparılan qarayaxma və media
kampaniyaları məhz bu müstəqil mövqeyə həzm olunmazlığın göstəricisidir. Yeri gəlmişkən,
bu gün dünyada, xüsusən Qərbdə artmaqda olan islamofobiya, müqəddəs “Qurani-Kərim”ə
qarşı təhqiredici hərəkətlər və İslam aləmini ləkələmək cəhdləri məqsədyönlü siyasətin tərkib
hissəsidir. Azərbaycan dövləti isə öz milli identikliyini, həyat tərzini və mənəvi dəyərlərini
qətiyyətlə qoruyur. Prezident İlham Əliyev islamofobiya və anti-Azərbaycan təbliğatına qarşı
ən təsirli vasitənin birlik olduğunu bəyan edir: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı
elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir... Biz də nə
qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq,
şüar deyil”.
Qərbdən gələn yad meyillərə, islamofobiyaya və anti-Azərbaycan kampaniyalarına
qarşı ən güclü qalxan Türk dünyasının, Qafqazın və İslam aləminin sarsılmaz birliyidir. Dövlət
başçısının bildirdiyi kimi, biz tək qalanda çətinliklərlə üzləşə bilərik, lakin birliyimiz bizi hər
kəsdən güclü edəcəkdir: “Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə
bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil... Çünki biz heç kimin qabağında baş əymirik və
əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi

qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök
salsın. Mənəviyyat keşikçiləriyik”.
Beləliklə, otuz illik işğal dövrünün misli görünməmiş talançılığı və beynəlxalq aləmin
buna göstərdiyi laqeydlik Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bu gün azad Qarabağda
ucalan məscidlər təkcə bərpa olunan binalar deyil, həm də tapdanmış ədalətin və milli-mənəvi
dirçəlişin təntənəsidir. İslamofobiya və qərəzli təzyiqlər qarşısında bizim yeganə və ən etibarlı
cavabımız milli mənliyimizə sahib çıxmaq, mənəviyyatımızın keşikçisi olmaq və İslam
aləmində həmrəyliyi daha da möhkəmləndirməkdir.
Ağakərim Sadıqov,
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad şöbəsinin üzvü