Prezident İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim
bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və
dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uzaqgörən siyasəti, uğurlu
diplomatiyası, eləcə də İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi
nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun günbəgün artması, qlobal miqyasda baş verən dərin geosiyasi dəyişikliklər
dövründə regionda yeni reallıqlar yaratması Bakıya dünyanın mühüm diplomatik
mərkəzlərindən biri kimi çıxış etməyə, Şərqlə Qərb arasında etibarlı körpü və dialoq
platforması rolunu oynamağa şərait yaradıb. Bu gün Azərbaycan Qərb instutları da daxil
olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını uğurla davam etdirir.
Türk-İslam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir.
Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı Türk
dünyasında, İslam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı
əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında daim ciddi addımlar atır. Azərbaycan türk
dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməklə. Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin inteqrasiyasına və inkişafına böyük töhfələr verməklə yanaşı, müstəqilliyinin
bərpasından sonra, 35 il bundan əvvəl üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun
Parlament İttifaqı çərçivəsində keçirilən tədbirlərdə daim fəal iştirak edərək İslam
həmrəyliyinin, parlamentlərarası əməkdaşlığın və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin
inkişafına mühüm töhfələr verib. Öz növbəsində İƏT Azərbaycanın haqq işinə, suverenliyinə
və ərazi bütövlüyünə daim dəstək verib, bu məsələdə qətiyyətli mövqe nümayiş etdirərək
Ermənistanın işğal siyasətini qınayıb, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və
quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib. Həmçinin Ermənistanın
Azərbaycana hərbi təcavüzü ilə bağlı İƏT Təmas Qrupu çərçivəsində fəal mövqe nümayiş
etdirib.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi
Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının
üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və
Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul zamanı bildirib
ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə
üzləşə bilərik: “Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata
bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət
siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Bizim dinimizə qarşı, İslam dünyasına qarşı
elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman
aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı,
müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə
təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına?
Ancaq birliyimizi!”.
Azərbaycan daim islamofobiya siyasəti ilə üzləşən, bu gün də ondan əziyyət çəkən
ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı
törədilib, etnik təmizləmə aparılıb və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. İşğal dövründə dini, tarixi abidələr vandalizmə
uğrayıb. Dövlətimizin başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona yaxın mina basdırılıb,
urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ermənistanın işğalı dövründə Qarabağ və
Şərqi Zəngəzurda şəhər və kəndlərimiz yerlə-yeksan edilib, eləcə də dini və mədəni irsimiz
ciddi dağıntılara məruz qalıb, 67 məsciddən 65-i məhv edilib. İndi işğaldan azad edlmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa proqramı çərçivəsində yüzlərlə tarixi, mədəni
və dini abidə əsl simasına qaytarılır. Əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini
təəssübkeşlik və islamofob mövqedən çıxış edərək hərbi təcavüzün davam etdiyi 30 il ərzində
Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini
təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.
Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe
sərgiləyir. Azərbaycan daim islamofobiyanı qlobal təhlükə hesab edərək İslam dəyərlərinə və
müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət çağırışlarının və dini təhqirlərin qəbuledilməz
olduğunu vurğulayır. Dövlətimiz bu problemlə mübarizəyə beynəlxalq diqqətin artırılmasına
çalışıb, bəzi Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament
Assambleyası kimi təşkilatların İslamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş
qərəzli yanaşmalarını haqlı olaraq tənqid edib.
Ölkəmiz daim İslam dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə
xüsusi diqqət yetirərək İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edib, İslam
dünyasının mədəni və iqtisadi əməkdaşlığının gücləndirilməsinə böyük töhfələr verib. İslam
sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa
şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. 2017-ci ildə
Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV
İslam Həmrəyliyi Oyunları keçirilib. Bundan başqa, İCESCO çərvisəndə baş tutan tədbirlər
Bakıının İslam dünyasında nüfuzunun bariz göstəricisi olub. Həmçinin 2026-cı il iyunun 18-də
Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr
olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilib.
Bir məqamı da qeyd edək ki, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı
Sessiyası keçiriləcək. Ölkəmiz İƏT-in Sədrliyini üzərinə götürərək üzv dövlətlər arasında
əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı, inklüziv inkişaf naminə birgə səylərin artırılması,
qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində var gücü ilə çalışaraq İslam həmrəyliyinin
möhkəmləndirilməsinə böyük töhfələr verəcək.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi