Əmlak sığortasının məcburi növü ilə yanaşı, evini mümkün risklərdən qorumaq istəyənlər üçün könüllü sığorta da mövcuddur. Ancaq Azərbaycanda bir çox ailə bunun üçün ayrıca pul ödəməyə ehtiyac görmür. Bəs adi bir mənzili könüllü sığortalamaq ailəyə ildə neçəyə başa gəlir və bu xərc həqiqətən özünü doğruldurmu?
Mövzu ilə bağlı “Yeni Sabah”a sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov könüllü əmlak sığortasına marağın aşağı olmasının əsas səbəblərindən danışıb:
“Bu, sığortaya qarşı inamsızlıq məsələsi deyil. Əsas məsələ insanların real gəlirləri və mövcud xərcləri ilə bağlıdır. Hazırda ölkəmizdə sığorta daxilolmalarının ümumi daxili məhsulda payı 5 faizə çatıb. Əhalinin əksəriyyətinin gəlirləri əsasən zəruri xərclərinə yönəldiyindən sığorta kimi xidmətlərə ikinci və üçüncü dərəcəli ehtiyac kimi baxırlar. İnsanların gəlirləri zamanla artdıqca, maddi vəziyyətləri yaxşılaşdıqca sığortaya maraqları da artacaq. Bu, bütün dünyada belədir”.
Ekspert deyib ki, könüllü əmlak sığortasının şərtləri də insanlar üçün münasibdir:
“Bundan başqa, ipoteka ilə mənzil alanların əmlakı sığortalanır. İcbari sığorta da bu baxımdan tətbiq olunur. İstənilən alqı-satqı əməliyyatı və daşınmaz əmlakla bağlı aparılan əməliyyatlarda əmlakın icbari sığortası tələb olunur və bu zaman sığorta həyata keçirilir. İcbari və könüllü sığorta arasında fərq də buradan yaranır. Çox az sayda insan könüllü şəkildə öz əmlakını sığortalatmaq istəyir. Bununla belə, onlar üçün sığorta şərtləri kifayət qədər əlverişlidir. Əmlakın çıxarışı varsa və hüquqi baxımdan qeydiyyatdan keçibsə, onu sığortalamaq mümkündür. Sığorta haqqı əmlakın cari vəziyyətindən və bazar dəyərindən asılı olaraq təxminən 0,3-0,4 faiz təşkil edir.
Məsələn, 100 min manatlıq evin sığortası üçün ildə təxminən 300-400 manat sığorta haqqı ödəmək lazım gəlir. Bu, kifayət qədər ciddi məbləğ deyil. Hətta könüllü əmlak sığortasında ödənişi hissəli şəkildə, aylıq formada etmək imkanı da var”.
İ. Nəcəfov hesab edir ki, insanların sığortaya pul ayırıb-ayırmaması daha çox qazancı ilə gündəlik xərclərindən nə qədər pul qalmasından asılıdır:
“Buna baxmayaraq, hələ də əhali arasında buna kifayət qədər maraq yoxdur. Faktiki olaraq, ipoteka və icbari əmlak sığortası çərçivəsində, xüsusilə regionlarda evlərini sığortalayan insanlar davamlı olaraq sığorta ödənişlərindən faydalanırlar. Sığorta ödənişlərinin məbləğində də ciddi problem yoxdur və müştərilər bu xidmətdən istifadə edirlər. Lakin əsas məsələ əhalinin gəlir və xərcləri arasındakı vəziyyətlə bağlıdır. İnsanların real gəlirləri aşağı olduqda, onlar sığorta məhsullarına daha az üstünlük verirlər”.