Вернуться назад Распечатать

Əmrullayevə SƏRT sözlər: “Bu problemləri kim həll etməlidir?”

Elm və təhsil naziri Emin Əmrullayev tez-tez mövcud problemlərdən giley edir, bəzi işlərin düzgün aparılmadığını, islahatların ləngidiyini və nəticəni yalnız on il sonra görəcəyimizi vurğulayır. Rəhbər şəxsin problemləri görməsi və etiraf etməsi təqdirəlayiqdir.

Lakin bir nazirin tribunadan kənar müşahidəçi və ya sıravi vətəndaş kimi şikayətlənməsi haqlı suallar doğurur: əgər təhsilin sükanı arxasında oturan şəxs yalnız vəziyyətin acınacaqlı olduğunu təsvir etməklə kifayətlənirsə, bəs bu problemləri kim həll etməlidir?

1xeber.media xəbər verir ki, bu sualla təhsil eksperti Vüqar Məmmədov çıxış edib. O bildirib ki, istənilən sahədə idarəetmə məsuliyyəti birbaşa rəhbərin üzərinə düşür:

“Emin Əmrullayev, əgər sərəncamınızda olan kadrlar işin öhdəsindən layiqincə gələ bilmirlərsə, bu, təkcə onların yararsızlığı deyil, həm də sizin kadr siyasətinizin, idarəçilik seçiminizin birbaşa fəsadıdır.

Vəzifə borcu sadəcə qüsurlara diaqnoz qoymaq yox, onlara fundamental həll yolları tapmaqdır. Təhsili dərindən duyan, bu sahənin mətbəxində bişmiş və inkişaf etmiş mütəxəssislər kənardan baxarkən idarəetmədəki səriştəsiz davranışları çox aydın və ağrılı şəkildə görə bilirlər.

​Təhsilimizin xilası yalnız cəsarətli, köklü və yenilikçi addımlardan keçir. Bu gün ən təxirəsalınmaz ehtiyac komandanın tamamilə yenidən qurulması, yalnız sərin kabinetlərdə deyil, sinif otaqlarında formalaşmış, təhsili qəlbi ilə hiss edən insanların önə çəkilməsidir. Ölkədə yığılıb qalmış problemləri kökündən həll etməyə qadir olan yüzlərlə təcrübəli, peşəkar və vicdanlı mütəxəssis var. Lakin onları kənarda saxlayıb, təhsilə sadəcə quru rəqəmlər və hesabatlar toplusu kimi baxan şəxslərlə nəinki on illik, heç yüz illik hədəflərə belə çatmaq mümkün deyil”.

V. Məmmədov bildirib ki, nazirə ən yaxın olan həssas dairə həm rəhbərliyin özünü, həm də bütövlükdə milli təhsilimizi uçuruma doğru sürükləyir: “Təhsil fədailəri səmimi qəlbdən inanmaq istəyirlər ki, bu dağıdıcı dairənin memarı siz deyilsiniz və mövcud mənzərə sadəcə mühasirəyə alınmış idarəetmənin acı nəticəsidir.

Əgər doğrudan da təhsilimizin dirçəlişini istəyirsinizsə, cəsarət nümayiş etdirərək o zərərli birinci dairəni yarıb keçməli, səlahiyyəti yalançı islahatçılara deyil, həqiqi təhsil qurucularına verməlisiniz”.