Вернуться назад Распечатать

Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi
edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı
xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman
ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilib. Bu yarışlar Azərbaycanda
sadəcə idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edilib. Ümumilikdə isə tədbirə
40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
Sentyabrın 14-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə
rəhbərlərinin VII görüşü keçirilib və Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid
Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk
Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və
müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz
Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkə başçısı qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və
çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Cənab
Prezident müsəlman dini liderlərinin hər bir sözünün müsəlman icmaları üçün çox dəyərlidir,
qiymətli olduğunu qeyd edib. Bildirib ki, “Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa,
barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq
üstünlük təşkil edəcək”.
İşğal dövründə bu ərazilərdə 65 məscid Ermənistan tərəfindən tam dağıdılıb və bəziləri
isə yarıdağılmış vəziyyətə gətirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o
fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz
saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı
dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də
çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax,
budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Bidirilib ki, bərpa işlərinə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra – 2021-ci
ildən başlanılıb və bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Dağıdılmış məscidin
bərpası yalnız bir tarixi abidənin deyil, həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır.
Bu gün Ağdam şəhər məscidi Qarabağın mühüm simvollarından biri olmaqla yanaşı, yerli
sakinlər və şəhərimizə səfər edən insanlar üçün ibadət və ziyarət məkanıdır.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu günədək artıq 12 məscid, – hansılar ki, ya
tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, – bərpa edilib, yenidən qurulub və bu
proses davam etdirilir”.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə
görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb.
Ölkə başçısı görüşdə qeyd edib ki, Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç
kim bizə bata bilməz. Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək
qalanda çətinliklərlə üzləşə bilərik.
“Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz.
Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti
apararaq bu amili həmişə üstün tuturuq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Lakin buna baxmayaraq
xalqımıza qarşı törədilən vəhşiliklər, dağıdılmış məscidlərimiz, təhqir edilmiş mədəni
ocaqlarımız, Xocalı qurbanları heç vaxt unudulmayacaq.
Qeyd edilib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə
insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb.
“Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan
yaşayır. Bu da ölkəmizin tarixi nailiyyətidir.
Hafiz Məmmədov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçi