Вернуться назад Распечатать

Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır

  

Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul
edilir. Bugünümüzü dünənimizlə müqayisə etdikdə  böyük qürur hissi və əminliklə qeyd edirik
ki, əgər əvvəllər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün  çoxsaylı 
xarici səfərlərə böyük ehtiyac yaranırdısa, bu gün artıq vəziyyət tamamilə fərqlidir. Xarici
siyasətimizin prioritet istiqaməti kimi müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar
daxilində əlaqələrin yüksələn xətlə inkişafı ilə yanaşı, Azərbaycanın demək olar ki, hər həftə,
hər gün hansısa beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi, konfransların, forumların
keçirilməsi ölkəmizlə bağlı daha dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik
yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri qeyd edərkən  beynəlxalq
aləmdə özünü təsdiqi xüsusi qeyd etmişdir.
Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonrakı dövrünün reallıqlarına diqqət yetirsək görərik ki, beynəlxalq
əlaqələrin qurulması əsas hədəf olmaqla bərabər, bu istiqamətdə mühüm uğurlar qazanılıb.
Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artması, regional və qlobal mövqeyinin möhkəmlənməsi
diqqətdən kənarda qalmır. Azərbaycan hər zaman əməkdaşlıq məkanı, həmçinin qlobal
problemlərin həllinə davamlı töhfələr verən ölkə kimi tanınır. Bunun üçün son illərdə ölkəmizin
ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir.
Qürurvericidir ki, bu tədbirlərin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə keçirilib.
Azərbaycan 2024-cü ildə  BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a ev
sahibliyi etdi. Bu tədbir beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi və
Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi. 80 ölkənin dövlət və
hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un
yüksək təşkilatçılığı və uğurlu nəticələri, növbəti COP-lar üçün böyük stimul olduğu bu gün də
dünya mətbuatında geniş şərh edilir. Bunun ardınca cari ilin may ayında  Azərbaycan
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. WUF13
təqribən 60 min iştirakçının rekord sayı ilə tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu
kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan forumun Liderlər Seqmenti
qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu. Azərbaycan həm də bu
gün qlobal mədəniyyətlərarası dialoq və dini sammitlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi
tanınır. Ölkənin coğrafi mövqeyi, tarixi keçmişi və çoxəsrlik tolerantlıq ənənələri onu müxtəlif
sivilizasiyaların görüş nöqtəsinə çevirib.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin
VII görüşünün və “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil
dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq Konfransın keçirilməsi də
Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini bir daha təsdiqlədi. Dövlət
başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının
üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının
həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə
heyətini qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, bu iki tədbirin eyni
vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə,
mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV
əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya
mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq,
onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla
zəngindir.   XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə
Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Onların hər biri böyük bir
dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları
üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük
dəyərdir. Dövlətimizin başçısı bu reallığa da diqqəti yönəltdi ki, tədbirlərdə bir çox ölkələrdən
dini liderlər iştirak edirlər.  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, 
Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə

Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Bu, birliyin nümunəsidir. Təbii
ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir
parçasıdır, həm də Qafqaz ölkəsidir.
Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri
davamlıdır və daim yüksək qiymətləndirilir. Türk dövlətləri arasında birliyin
möhkəmləndirilməsi, həmçinin onları bir araya gətirən TDT-nin beynəlxalq nüfuzunun artması
istiqamətində atdığı addımlar göz qabağındadır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən 
Prezident İlham Əliyevin  Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə görüşləri ilə
yanaşı, hər il  qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü də bu məqsədə xidmət edir.
Hər zaman qeyd edildiyi kimi, bu gün beynəlxalq ictimaiyyət Türk dünyasının birliyini onların
işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdikləri töhfələrdə görür. İslam həmrəyliyinin
möhkəmləndirilməsi istiqamətində atılan addımlar sırasında ilk olaraq Azərbaycanın 2017-ci
ilidə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini qeyd etmək istərdik. Prezident İlham Əliyev
çıxışında  bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, bugünkü dünyada və xüsusilə müsəlman
aləmində baş verən bəzi hadisələr, təbii ki,  hamımızı narahat edir. Biz Azərbaycanda hər
zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə
gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox
tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə  təşəbbüsümüzlə və
bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirildi.  Biz də bu
Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik. Gələn
il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin
fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan təmsil
olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi
çıxış edir.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında 30 illik işğal dövrünün reallıqları xüsusilə
önə çəkilir. Ölkə Prezidentinin çıxışları həmin dövrlə bağlı bütün reallıqların  əsaslı şəkildə
öyrənilməsində zəngin mənbədir. Torpaqlarımız 30 il Ermənistanın işğalı altında qaldı.
Xalqımıza qarşı hərbi cinayətlər törədildi. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün
şəhər və kəndlərimiz yerlə-yeksan edildi. Xalqımıza qarşı etnik təmizləmə aparıldı. Bir milyona
yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma
torpaqlarından didərgin salındı. 30 il davam edən danışıqların heç bir nəticə vermədiyini
vurğulayan dövlət başçısı bildirdi ki, çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq
istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox,
uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi
dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son
qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar
olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki,
çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad
etdi. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi
Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi
cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da
ədalətin təntənəsidir. Ədalət tam zəfər çaldı və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz
ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi