Azərbaycan və Ermənistan sərhədinin delimitasiyasının şimaldan cənuba aparılması İrəvanda yeni müzakirələrə səbəb olub.
1xeber.media xəbər verir ki, Ermənistanın keçmiş baş naziri və parlamentin sabiq sədri Xosrov Arutyunyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun delimitasiya prosesinin şimaldan cənuba aparılması ilə bağlı son açıqlamasını şərh edərkən Bakının bu istiqaməti seçməsini hərbi-strateji amillərlə əlaqələndirib.
Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında delimitasiya işlərinin daha çətin olan şimal sərhədindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq və qarşılıqlı anlaşma mövcuddur.
Məhz bu açıqlamanı şərh edən Arutyunyan iddia edib ki, Azərbaycanın əsas məqsədi Ermənistan tərəfinin hələ də ciddi müdafiə və hərbi potensiala malik olduğu sərhəd sahələrində müdafiə xəttini zəiflətməkdir.
Onun sözlərinə görə, Zod və Xəznəvar istiqamətlərində, yəni Kəlbəcərdən Laçına qədər uzanan sərhəd xəttində əsas strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir və bu, Ermənistan Silahlı Qüvvələrinin mövqelərini həssas vəziyyətə salıb.
Keçmiş baş nazir Tavuş istiqamətində, Kirants kəndi ətrafında aparılan delimitasiyanı da eyni kontekstdə qiymətləndirib. O hesab edir ki, burada sərhəd xəttinin müəyyənləşdirilməsindən sonra Ermənistanın əvvəlki müdafiə xəttinin bütövlüyü dəyişib.
Arutyunyan Bakının növbəti mərhələdə məhz şimal sərhədinə yönəlməsinin səbəbini belə izah edib: uzun müddət Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfdə ən yaxşı qorunan, möhkəmləndirilmiş və təchiz edilmiş hissəsi məhz şimal istiqaməti olub.
O, delimitasiya komissiyalarının reqlamentinə də diqqət çəkərək bildirib ki, tərəflər sərhədin konkret hissəsi üzrə razılığa gəldikdə həmin sahə digər istiqamətlərdə proses yekunlaşmasa belə delimitasiya edilmiş hesab olunur.
Arutyunyanın fikrincə, məhz buna görə şimal istiqamətində əldə ediləcək nəticələrin Ermənistan üçün xüsusi strateji əhəmiyyəti var.
Keçmiş baş nazir eyni zamanda Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyini tənqid edib və Bakının irəli sürdüyü məsələlər qarşısında İrəvanın kifayət qədər əks arqument ortaya qoymadığını bildirib.\Musavat.com