Beynəlxalq ictimaiyyət cəzasızlığa qarşı çıxmaqda, qurbanların, sağ qalanların və onların ailələrinin yanında olmaqda, məsuliyyətə cəlb etmə üzrə milli səyləri dəstəkləməkdə və ən ağır cinayətlərə görə məsuliyyət daşıyanların sərbəst buraxılmasına çalışan dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaqda sarsılmaz qalmalıdır.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində I katib Tale Əliyev təşkilatın Təhlükəsizlik Şurasının "Silahlı münaqişə vəziyyətlərində beynəlxalq hüququn qorunması" mövzusunda Arria formulası üzrə iclasında bildirib.
"İlk növbədə, bu mühüm müzakirəni təşkil etdiyinə görə Pakistanın Daimi Nümayəndəliyinə təşəkkürümüzü bildirmək istərdik. Silahlı münaqişələr beynəlxalq hüququn ciddi şəkildə pozulması və mülki şəxslər arasında ölüm və xəsarət hallarının yüksək səviyyədə olması, habelə mülki obyektlərin və mühüm mülki infrastrukturun, o cümlədən işğal vəziyyətlərində qəsdən və ya fərq qoyulmadan hədəfə alınması ilə səciyyələnməkdə davam edir", - o bildirib və əlavə edib ki, Azərbaycanın təcrübəsi beynəlxalq sistemin məhdudiyyətlərini vurğulayır.
Belə ki, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı törədilmiş təcavüzün və beynəlxalq hüququn ciddi pozuntularının qarşısını ala, yaxud ərazilərin təxminən üç onillik işğalına son qoya bilməyib: "İlk tələb olunan beynəlxalq hüquqa riayət etmək və məsuliyyəti təmin etmək üçün siyasi iradədir. Silahlı münaqişələrdə bəzi əməllər beynəlxalq hüquqa əsasən ciddi cinayətlər təşkil edir və imperativ normalarla (jus cogens) qadağan olunur, eyni zamanda bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərin (erga omnes) ciddi şəkildə pozulmasını ehtiva edir.
Bütün dövlətlərin beynəlxalq hüquqa əsasən bu cür hüquqpozmaları araşdırmaq, məsuliyyət daşıyanları mühakimə etmək və təqsirkarların ədalət mühakiməsinə cəlb olunmasını təmin etmək öhdəlikləri var. Bu öhdəliklər bir sıra hüquqi cəhətdən məcburi sənədlərdən, eləcə də beynəlxalq adət hüququndan irəli gəlir. Müvafiq olaraq, ən ağır beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyan şəxslər üçün ümumi amnistiyalar, faktiki cəzasızlıq və ya immunitetin, həmçinin vaxtından əvvəl azadlığa buraxılmanın digər formaları dövlətlərin beynəlxalq hüquq üzrə öhdəlikləri ilə bir araya sığmır".