Вернуться назад Распечатать

Qazaxın Daş Salahlı kəndində su problemi həll olunur – Bələdiyyə vaxt açıqladı

Son günlər sosial şəbəkələrdə Qazax rayonunun Daş Salahlı kəndində yaşanan su problemi ilə bağlı videogörüntülər yayılıb. Paylaşımlarda kəndin müəyyən hissələrinin su ilə təmin olunduğu, bəzi ərazilərdə isə su çatışmazlığının yaşandığı bildirilir.

1xeber.media xəbər verir ki, məsələ ilə bağlı Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, problemin əsas səbəbi bələdiyyənin balansında olan su xəttinin sıradan çıxmasıdır.

Daş Salahlı Bələdiyyəsinin sədri Ədalət Hacıyev də sözügedən xəttin vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, bərpasına ehtiyac olan bir kilometrlik su xətti həqiqətən də bələdiyyənin balansındadır.

“Yaranmış vəziyyət bizi də narahat edir. Problemin həlli istiqamətində müvafiq işlər görülür”, – deyə bələdiyyə sədri qeyd edib.

Ədalət Hacıyevin sözlərinə görə, yaxın 10 gün ərzində ərazidə yeni su xəttinin çəkilməsi və istismara verilməsi nəzərdə tutulur. Yeni xətt istifadəyə verildikdən sonra kəndin həmin hissəsində yaşanan su çatışmazlığının aradan qalxacağı gözlənilir.