Вернуться назад Распечатать

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADAU-da olublar - FOTOLAR

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

1xeber.media xəbər verir ki, görüşün əsas məqsədi aqrar təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi, universitetlə AİB arasında birgə layihələrin həyata keçirilməsi və kənd təsərrüfatının inkişafına yönələn təşəbbüslər üzrə fikir mübadiləsi aparılması olub.

ADAU-nun rektoru Zəfər Qurbanov universitetin aqrar sektorun inkişafındakı rolundan danışıb. Rektor müasir kənd təsərrüfatının tələblərinə uyğun kadr hazırlığı, elmi-tədqiqatların istehsalatla əlaqələndirilməsi və innovativ yanaşmaların tətbiqinin əsas prioritetlərdən olduğunu bildirib. O, 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatının inkişafına dair dövlət proqramının aqrar sahəyə göstərilən diqqətin mühüm göstəricisi olduğunu qeyd edib.

Zəfər Qurbanov cari ildə ADAU üzrə qəbul planının 100 faiz yerinə yetirildiyini bildirərək, bu göstəricinin gənclərin aqrar təhsilə marağının artdığını nümayiş etdirdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

AİB-də Hindistanın İcraçı Direktoru Satya Srinivas, Almaniyanın İcraçı Direktoru Helmut Fişer, Azərbaycan və Türkmənistan üzrə Ölkə Əməliyyatları Rəhbəri Marina Best, Azərbaycanda ölkə direktoru Sunniya Durrani-Camal, ABŞ-ın Alternativ İcraçı Direktoru Abigail Demopoulos və Yaponiyanın İcraçı Direktoru Şigeo Şimizu ADAU-da olmaqdan məmnunluqlarını ifadə edib, Azərbaycanın iqtisadi və kənd təsərrüfatı sahəsindəki inkişafını qeyd ediblər.

Görüşdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Ramil Rəcəbov da iştirak edib. 

Çıxışlarda aqrobiznesin inkişafı, məhsuldarlığın artırılması və universitetlə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti ADAU-nun İnnovasiyalar Mərkəzi, müasir laboratoriyaları və ADAU TV-nin studiyası ilə tanış olublar.