Вернуться назад Распечатать

“BMT sistemi normal fəaliyyət göstərsəydi bu qədər itki olmazdı”

“Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq”.

1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

“Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı.

Sadəcə olaraq, beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü, lakin bu, öz-özünə baş verməmişdi. Onu həyata keçirməli olan qurum, – BMT Təhlükəsizlik Şurası, – sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır.

Buna görə də münaqişələrin qarşısını almaq və ya onlar artıq baş veribsə, onları sülh yolu ilə həll etmək üçün hansı mexanizm mövcuddur? Yalnız beynəlxalq hüquq. Buna görə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elə bir mexanizm hazırlamaq lazımdır ki, bu mexanizm qətnamələrin həyata keçirilməsinə gətirib çıxarsın. Əks halda, bu, seçici yanaşmadır.

Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq”, - Prezident vurğulayıb.