Вернуться назад Распечатать

Prezident İlham Əliyev: Əsas hədəfimiz Türk Dövlətləri Təşkilatını qlobal miqyasda aparıcı beynəlxalq instituta çevirməkdir

"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbulu zamanı qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin gələcək institusional inkişaf strategiyası və hədəfləri ilə bağlı üzv dövlətlərin nümayəndələrinə mühüm çağırış edib.

Təşkilatın formalaşma və inkişaf dövrünün uğurla tamamlandığını, böyük qlobal problemlərin əksəriyyətinin artıq geridə qaldığını deyən ölkə rəhbəri, növbəti mərhələdə əsas diqqətin inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlməli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, türk respublikaları öz böyük iqtisadi, hərbi və siyasi potensialını tam birləşdirərək, vahid güc kimi çıxış etməli və birgə səylərlə TDT-ni dünyanın ən aparıcı, qərarlarına hörmətlə yanaşılan beynəlxalq təşkilatlarından birinə çevirməlidir.