1xeber.media xəbər verir ki, ABŞ-ın Belarusiyaya qarşı bəzi sanksiyaları yumşaltması və ölkənin dondurulmuş aktivlərinin açılması Rusiyaya mesaj vermək məqsədi daşıya bilər.
Bunu Sankt-Peterburq Dövlət Universitetinin professoru, Valday Klubunun eksperti Stanislav Tkaçenko bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Belarusla bağlı sanksiya rejimini tədricən yumşaltması Rusiyanın Qərblə münasibətlərə dair diplomatik mövqeyinə təsir göstərmək məqsədi daşıyır.
Ekspert qeyd edib ki, ABŞ xüsusilə enerji sektorunda bəzi sanksiyaları nisbətən qısa müddətdə aradan qaldıra biləcəyini nümayiş etdirərək Moskvaya siqnal göndərir.
Sentyabrın 15-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Kol Minskə gedərək Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparıb. Görüş Müstəqillik Sarayında keçirilib.
Bundan əvvəl Lukaşenko Belarusun həm kiçik, həm də böyük razılaşmaya hazır olduğunu bildirmişdi. Kol isə “The New York Times” qəzetinə açıqlamasında yaxın zamanda böyük bir mübadilə gözlədiyini demişdi.
Lukaşenko həmçinin ABŞ-da Belarus şirkətinə məxsus 43-44 milyon dolların “Citibank”da qaldığını və bu vəsaitin geri qaytarılmasını istədiyini açıqlamışdı.