Вернуться назад Распечатать

Kadir İnanırın sərvəti ailəyə söz-söhbət saldı - 3 fərqli vəsiyyət, 28 vərəsə...

Türk kinosunun əfsanəvi aktyoru Kadir İnanırın vəfatından sonra geridə qoyduğu nəhəng mirası ilə bağlı qalmaqallı təfərrüatlar ortaya çıxıb.

1xeber.media “Sözcü”yə istinadla xəbər verir ki, mərhum aktyorun vəsiyyətnaməsinin oxunmalı olduğu məhkəmə iclası bəzi ailə üzvlərinə rəsmi bildirişlərin çatmaması səbəbindən 17 dekabr saat 09:30-a təxirə salınıb.

Qəzet yazır ki, bununla yanaşı, ortaya atılan iddialara görə, Kadir İnanırın hazırladığı son vəsiyyətnamədə var-dövlətinin böyük hissəsini 27 illik həyat yoldaşı Jülide Kurala saxladığı bildirilir. Sənəddə həmçinin Kuralın vəfat etməsi ehtimalına qarşı əmlakın insan hüquqları təşkilatları və təhsil müəssisələri arasında bölüşdürülməsinin istənildiyi öyrənilib.

Bu iddialardan sonra mərhum aktyorun bacı və qardaşı uşaqlarının hüquqi müstəvidə etiraz etməyə hazırlaşdıqları gündəmə gəlib. Qeyd olunur ki, K. İnanırın 11 bacı-qardaşından yalnız biri həyatdadır və qanuni vərəsə sayılan qohumlarının sayı 28 nəfərdir.

Məsələ ilə bağlı Jülide Kural isə belə cavab verib:

“Mən kədərimi yaşayıram. Kim nə danışırsa danışsın, şərh verməyəcəyəm. Kadir çox əliaçıq insan idi, ömrü boyu ailəsinə dəstək oldu. Özü bir vəsiyyətnamə hazırlayıb və buna hörmətlə yanaşmaq lazımdır. Onsuz da hüquq öz işini görəcək. Kadirə yaraşan dili heç vaxt itirməyək”.

Məlum olub ki, 2015-ci ildə ilk vəsiyyətini hazırlayan Kadir İnanır 2022-ci ildə notarial qaydada daha iki fərqli vəsiyyətnamə tərtib etdirib.

Hər 3 vəsiyyətnamənin məzmunu indiyədək gizli saxlanılırdı.

Xatırladaq ki, K. İnanırın vəfatından sonra onun böyük miqdarda pul, müxtəlif bölgələrdə çoxlu sayda daşınmaz əmlak, 25 ədəd “Rolex” qol saatı, “Dupont”, “Cartier”, “Dunhill”, “Zippo” brendlərinə aid qızıl suyuna çəkilmiş çaxmaqlar, xüsusi işləməli üzüklər və dünyanın müxtəlif ölkələrindən topladığı 3 min ədəd qurbağa fiqurundan ibarət nadir kolleksiyaya sahib olduğu bəlli olmuşdu.