Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına və türk dövlətləri arasında birliyin
möhkəmlənməsinə strateji əhəmiyyət verir. Bu münasibətin arxasında siyasi maraqların
uyğunluğundan daha dərin bir düşüncə dayanır. Türk dünyasının birliyi Azərbaycan üçün
tarixdən gələn mənəvi bağlılığın bugünün siyasi reallıqları ilə ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın TDT-nin güclənməsinə verdiyi siyasi
dəstək, irəli sürdüyü təşəbbüslər və ardıcıl mövqeyi də bu düşüncənin dövlət siyasətindəki
davamıdır.
Prezident İlham Əliyevin Şamaxıda TDT-yə üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər şəxslərini
qəbul etməsi Azərbaycanın türk dövlətləri arasında təhlükəsizlik əlaqələrinin
möhkəmlənməsinə verdiyi əhəmiyyətin göstəricisidir. Şübhəsiz ki, təhlükəsizlik dövlətlərin bu
gününü və sabaha olan inamını müəyyən edən əsas məsələlərdəndir. Bu sahədə təmasların
genişlənməsi türk dövlətlərinin bir-birinin təhlükəsizlik qayğılarına daha yaxından yanaşdığını
göstərir. Şamaxı görüşü türk dünyasının təhlükəsizlik məsələlərinə münasibətdə ortaq
məsuliyyət düşüncəsinin gücləndiyini göstərən mühüm siyasi hadisə kimi diqqət çəkdi.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul
edərkən səsləndirdiyi fikirlər təşkilatın son illərdə keçdiyi inkişaf yolunu və qarşıdakı vəzifələri
aydın şəkildə ortaya qoydu.
Dövlət başçısı haqlı olaraq bildirdi ki, 2009-cu ildə Naxçıvanda əsası qoyulan təşəbbüs bu gün
təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələri əhatə edən geniş siyasi
platformaya çevrilməkdədir. Bu inkişaf Türk dövlətləri arasında formalaşan siyasi iradənin,
qarşılıqlı etimadın və ortaq maraqların nəticəsidir. TDT-nin geniş coğrafiyası, zəngin resursları
və mühüm nəqliyyat dəhlizləri təşkilatın beynəlxalq sistemdə artan rolunu gücləndirir.
Prezident İlham Əliyev çıxışında bu reallığı təhlükəsizlik məsələsi ilə sıx əlaqələndirərək qeyd
etdi ki, enerji və nəqliyyat imkanlarının qorunması, regional sabitliyin təmin edilməsi və
dövlətlər arasında təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi Türk dünyasının gələcək
inkişafının əsas dayaqlarındandır. Bu reallıq TDT daxilində təhlükəsizlik sahəsində qarşılıqlı
fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. Çünki Türk dövlətlərinin ümumi gücü onların
ortaq təhlükəsizlik və sabitlik mühitinin qorunması ilə sıx bağlıdır.
Prezident İlham Əliyev dünyada mövcud olan mürəkkəb problemlərin yaşandığı bir vaxtda
TDT-nin inkişafına toxunaraq təşkilatın uğurunda üzv dövlətlərin ərazilərində sabitlik, sülh və
təhlükəsizliyin mühüm rol oynadığını bildirdi. Dövlət başçısının vurğuladığı kimi bugünkü siyasi
reallıqlar fonunda sabitlik və təhlükəsizlik hər bir inkişafın əsasını təşkil edir. Bu amillərin
mövcudluğu investisiyaların, yeni texnologiyaların və innovasiyaların cəlb olunması üçün
əlverişli şərait yaradır.
Dövlət başçısı TDT məkanında müşahidə olunan iqtisadi artıma da toxundu. Sənaye
istehsalının artması, müsbət iqtisadi göstəricilər və sabit maliyyə sistemləri Türk dövlətlərinin
inkişaf potensialını nümayiş etdirir. Dünyanın müxtəlif bölgələrində iqtisadi və sosial
çətinliklərin yaşandığı bir vaxtda TDT məkanında müsbət dinamikanın qorunması üzv
dövlətlərdə həyata keçirilən ardıcıl siyasətin nəticəsi kimi diqqəti cəlb edir.
Prezident İlham Əliyev mühüm bir məsələyə toxunaraq bəyan etdi ki, dövlətlərin ardıcıl inkişafı
və konstitusiya quruluşunun qorunması üçün ölkələrimizə və xalqlarımıza qarşı yönələn
ideoloji təxribatlara qarşı birgə mübarizə aparılmalıdır. Dövlət başçısı uzaq mərkəzlərdən
maliyyələşən müxtəlif media strukturları vasitəsilə yayılan yad narrativlərin ictimai həmrəyliyə,
dövlət quruluşuna və milli dəyərlərə təsir göstərməsinə münasibət bildirərək Azərbaycanın bu
istiqamətdə fəal mübarizə apardığını və böyük nəticələr əldə etdiyini bildirdi. Beləliklə, TDT-nin
daha da inkişafı Prezident İlham Əliyevin qeyd etdiyi kimi üzv dövlətlər arasında qarşılıqlı
etimadın, təhlükəsizlik sahəsində birgə fəaliyyətin və ortaq dəyərlərə bağlılığın daha da
gücləndirilməsindən keçir.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı