Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər,
qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin
təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet
məsələyə çevrilmişdir. Belə bir tarixi və mürəkkəb dövrdə Türk Dövlətləri Təşkilatının rolunun
və beynəlxalq nüfuzunun artması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham
Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirilən
görüşdəki proqram xarakterli çıxışı TDT-nin gələcək inkişaf istiqamətlərini və Azərbaycanın
xarici siyasət prioritetlərini bir daha aydın şəkildə nümayiş etdirdi.
Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, Türk dünyası bizim ailəmizdir və
Azərbaycanın əsas xarici siyasət prioritetləri məhz bu məkana yönəlmişdir. TDT-nin digər
beynəlxalq təşkilatlardan fərqləndirən ən mühüm amil onun sadəcə iqtisadi və ya siyasi
maraqlara deyil, həm də mənəvi birliyə, ortaq etnik köklərə, dil və mədəniyyət oxşarlığına
söykənməsidir. İyirmi ilə yaxın bir dövrdə – 2009-cu il Naxçıvan Zirvə görüşündən başlayaraq
qət edilən yol göstərir ki, təşkilat yalnız üzv ölkələr arasında qarşılıqlı inteqrasiyanı
dərinləşdirmir, həm də qlobal miqyasda mühüm güc mərkəzinə çevrilir.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzaladığı müttəfiqlik
haqqında bəyannamə və müqavilələr ikitərəfli əlaqələrin ən yüksək pilləsidir. Yaradılmış birgə
investisiya fondları və fəal iqtisadi tərəfdaşlıq bu birliyi daha da möhkəmləndirir.
Müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi
və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Türk dövlətləri
Avropa və Asiyanın qovşağında yerləşərək həm zəngin təbii ehtiyatlara malikdir, həm də
mühüm enerji və nəqliyyat koridorlarına nəzarət edir.
Azərbaycan burada həm dünya bazarlarına enerji resursları tədarük edən ölkə, həm də
Mərkəzi Asiyadan gələn resursların Xəzər vasitəsilə tranzitini təmin edən vacib qovşaq rolunu
oynayır. Qazaxıstanla həyata keçirilən optik lifli kabel layihəsi kimi təşəbbüslər isə TDT
məkanında rəqəmsal bağlantının və infrastrukturun inkişafına böyük töhfə verir.
Dünyanın müxtəlif yerlərində durğunluq, iqtisadi geriləmə və mürəkkəb sosial problemlərin
yaşandığı bir vaxtda TDT məkanında sabitliyin və sənaye artımının saxlanılması dövlət
səviyyəsində həyata keçirilən düzgün siyasətin nəticəsidir. Sabitlik və təhlükəsizliyin hökm
sürdüyü mühit xarici investisiyaların və innovasiyaların cəlb edilməsi üçün başlıca şərtdir.
Eyni zamanda, ölkələrimizin malik olduğu demoqrafik üstünlük, gənc və dinamik əhətiyyətə
malik əhali TDT-nin gələcək potensialını şərtləndirir. Bu gənc nəslin milli-mənəvi dəyərlərə,
vətənpərvərlik ruhuna sadiq tərbiyə olunması, xarici ideoloji təxribatlardan qorunması təşkilat
çərçivəsində gənclər siyasətinin prioritet istiqaməti olmalıdır.
Prezident İlham Əliyevin nitqində diqqət çəkdiyi mühüm məqamlardan biri də günümüzün fiziki
təhdidləri ilə yanaşı, həm də ideoloji təhdidlər daşımasıdır. Xaricdəki müəyyən mərkəzlərdən
maliyyələşən media strukturları və yad təsirlər vasitəsilə ictimai həmrəyliyi pozmaq cəhdlərinə
qarşı fəal və koordinasiyalı mübarizə aparmaq həyati vacibdir.
Azərbaycan 30 il ərzində ikili standartlarla və işğalla üzləşdiyi zaman beynəlxalq hüququn
necə “iflic” vəziyyətinə düşdüyünü şəxsi təcrübəsində yaşadı. BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin kağız üzərində qaldığı bir şəraitdə ölkəmiz öz ərazi bütövlüyünü döyüş
meydanında bərpa etməli oldu. Bu acı təcrübə göstərir ki, təşkilatımız beynəlxalq
platformalarda öz hüquqlarını təkcə bəyan etmək deyil, həm də qətiyyətlə müdafiə etmək
gücündə olmalıdır.
Müasir çağırışlar fonunda TDT-yə üzv ölkələrin təhlükəsizlik strukturlarının sıx
əlaqələndirilməsi, operativ məlumat mübadiləsi və birgə fəaliyyəti regionumuzun dinc və
təhlükəsiz gələcəyinin qarantıdır. Biz təkbaşına deyil, birlikdə daha güclüyük. Birlikdə
çalışaraq Türk Dövlətləri Təşkilatını qlobal arenanın ən aparıcı və təsirli beynəlxalq
institutlarından birinə çevirmək potensialına malikik.
Aynur Rəhimova,
Sabirabad rayon Musiqi məktəbinin direktoru