Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin
VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid
Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib. Sentyabrın 17-də isə
təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda
toplaşıblar. Hər iki mötəbər tədbir iştirakçılarını ölkə başçısı cənab İlham Əliyev qəbul edib.
Bütün bunlar təşkilatın çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Eyni zamanda bu
həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir
təşkilatdır. Dövlətimizin başçısı TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul
edərkən deyib ki, çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi,
beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar
əməkdaşlıqla bağlı məsələləri əhatə edir.
Bu gün TDT artıq, sadəcə, etnik və tarixi bağlılıqların simvolu deyil, yeni beynəlxalq düzənin
vacib sütunlarından biri, xalqlar arasında əməkdaşlığı, təhlükəsizliyi və sülhün
möhkəmləndirilməsi istiqamətlərini real mexanizmlərə çevirən beynəlxalq gücdür. Onun
fəaliyyəti qlobal sistemin yenidən formalaşdığı indiki məqamda türk dövlətlərinin vahid siyasi
iradə ilə çıxış edə bilməsinin mümkünlüyünü nümayiş etdirir. Bəli, TDT müasir siyasi
proseslərin önünə çıxmağı bacardığını artıq sübuta yetirib.
Hələ 2023-cü ildə Astanada baş tutmuş TDT-nin Zirvə görüşündə Prezident İlham Əliyev
çıxışında təhlükəsizlik, müdafiə kimi strateji sahələrdə əməkdaşlığın daha da artırılmasına
ehtiyacın olduğunu qeyd etmişdi. Əməkdaşlığın məhz bu istiqaməti son 3 ildə TDT üçün vacib
yol xəritəsinə çevrildi.
Azərbaycan Prezidenti TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşündə
məhz bu xəritənin yeni marşrutunu müəyyənləşdirmiş oldu: “Qarşıda isə birgə iş, qarşılıqlı
fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin
qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır.
Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq
təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”.
Qeyd edilib ki, TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür. Təşkilata üzv ölkələrin
rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və
yerini gücləndirək. Bunun üçün bütün imkanlar var.
“Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş
coğrafi məkanda yerləşirik”, – deyə dövlətimizin başçısı öz çıxışında əlavə edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası
ölkələrinə yönəlib. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir.
“Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq”, – deyən
dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması
prosesi fəal şəkildə davam edir.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb: “Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə,
Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas
xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim
başqa ailəmiz yoxdur”.
Qeyd edilib ki, bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır.
Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür.
Müharibələrin coğrafiyası genişlənir.
“Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin
perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər
və prinsipcə, səbəb də olur”, – deyən dövlətimizin başçısı bildirib ki, hazırkı vəziyyətdə də,
Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə
aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox
mühüm əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son
dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti
tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə
sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır.
Dövlətimizin başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz
tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına
gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.
Prezident İlham Əliyev birgə səylərlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə
çalışmağın vacibliyini qeyd etdi. “Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi,
ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının
beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz birgə səylərimizlə TDT-ni aparıcı
beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”, –
deyə dövlətimizin başçısı əlavə edib.
Görüş zamanı ölkə başçısı Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin bölgədə və dünyada
sabitliyi daha da gücləndirdiyini bildirib. Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə
vahid bir məkan kimi çox önəmli amildir. “Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada
sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə”, – deyə dövlətimizin
başçısı vurğulayıb.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri