2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının
tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23
saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli
Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam
bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər
sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar
olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Prezident İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il
sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin
olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə
alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi
qeyd edilməsini qərara alıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hər bir addım əvvəlki addımın məntiqi
davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü
ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri
nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq
edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur,
ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur.
Dövlət başçımız İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün
uğurların şahidləriyik. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi
İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan
Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi.
Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu.
Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.
2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44
günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın
gücünə, qüdrətinə şahidlik etdi.
Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə
İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan
tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad
edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında,
Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla
dalğalanır.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri
keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi
və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri