Вернуться назад Распечатать

Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu - Fotolar

Sentyabrın 18-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Suveren Azərbaycanın şəhərsalma və memarlıq səlnaməsi” adlı tədbir keçirilib.

1xeber.media xəbər verir ki, Şağan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın sektor müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, Polis Akademiyasının kursantları, Aviasiya Akademiyasının tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Şağan Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam bərpa olunub.

O qeyd edib ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunması ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi və suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanın dövlət suverenliyi qəhrəman şəhidlərimizin və qazilərimizin əzmi, iradəsi və fədakarlığı sayəsində təmin olunub. O, xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilik ənənələrinin bundan sonra da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, sabiq millət vəkili Rauf Əliyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev və Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun atası Habil Cabbarov Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün xalqımızın milli kimliyini, azadlıq iradəsini və gələcəyə inamını təcəssüm etdirən əlamətdar tarix olduğunu bildiriblər.

Natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı tarix boyu öz azadlığı və milli iradəsi uğrunda mübarizə aparıb, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Həmçinin vurğulanıb ki, suverenlik uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizin xatirəsi daim uca tutulur.

Tədbir zamanı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun qızı Gülay Qasımlı bu il orta təhsilini başa vuraraq Qərbi Kaspi Universitetinin Ekologiya mühəndisliyi fakültəsinə qəbul olunması münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən diplomla təltif edilib.

Gülay Qasımlı öz növbəsində ona, eləcə də bütün şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Rəsmi hissədən sonra tədbir respublikanın əməkdar artistləri və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunan geniş konsert proqramı ilə davam edib.