Вернуться назад Распечатать

Ermənistan 500 km mənzilli hücum dronları axtarır

1xeber.media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi ordunun pilotsuz uçuş aparatları ilə təchizatını genişləndirməyi planlaşdırır.

“Hraparak” nəşrinin yazdığına görə, Ermənistan MN xüsusilə 500 kilometrədək məsafə qət edə bilən hücum dronlarının sayının artırılmasını nəzərdən keçirir.

Məlumata əsasən, nazirlik orta mənzilli PUA-ların ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunan modellərini müqayisəli şəkildə təhlil edib.

Nəşr bildirir ki, Ermənistan hərbi mütəxəssisləri Hindistanın “Divyastra MK-1” PUA-sını mümkün variantlardan biri kimi qiymətləndiriblər. Modelin aşağı qiyməti, süni intellekt texnologiyalarından istifadə imkanları və qrup halında tətbiqi əsas üstünlüklər sırasında göstərilib.

“Hraparak”ın məlumatına görə, Ermənistan tərəfi müxtəlif ölkələrdən silah alınmasının siyasi nəticələrini də nəzərə alır. Bu baxımdan Hindistanla əməkdaşlığın daha balanslı variant ola biləcəyi bildirilir.

Qeyd edək ki, Ermənistanın uzunmənzilli hücum PUA-larının sayını artırmaq niyyəti ilə bağlı məlumat “Hraparak” nəşrinə aiddir və Ermənistan Müdafiə Nazirliyinin rəsmi təsdiqi təqdim olunmayıb.